Qayıdışın Füzulisi – Zəfərdən doğulan şəhər

post-img

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla söhbətimizdə düşməndən təmizlənən Füzuli şəhərində aparılan bərpa-quruculuq layihələrinin həyata keçirilməsi, daxili yol-küçə şəbəkəsinin qurulması, həmçinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında reallaşdırılacaq bərpa işləri, “Köndələnçay” su anbarının yenidən yaradılması və digər məsələlərə geniş yer verildi. 

Emin Hüseynov Füzuli şəhərinin bərpasından danışarkən, ilk növbədə, müfəssəl həllərlə inteqrə olunan Baş planın 2040-cı ilə qədərki inkişaf döv­rünü əhatə edəcəyini dedi. Müsahibi­miz həmin sənədə əsasən, təbiət əraziləri ilə vəhdətdə inkişaf edən şəhər struktu­runun formalaşdırılmasının, kommunal xidmətlər də daxil olmaqla yüksək keyfiy­yətli xidmət obyektlərinin yaradılmasının diqqətdə saxlanıldığını vurğuladı. 

Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsinin, 13 məktəbəqədər və peşə təhsili, internat tipli musiqi mək­təblərinin, xəstəxana, mədəniyyət və in­zibati mərkəzlərin, idman kompleksinin inşasının, Qələbə və Memorial parkların, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan eko par­kın salınması planlaşdırılıb.

Baş planda Füzuli şəhərinin dayanıqlı inkişaf, “ağıllı” həllər əsasında qurulması və insanların sağlam həyatını gerçək­ləşdirmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib. 2030-cu ilədək dayanıqlı inkişaf üçün idarəetmə, iqti­sadiyyat, sosial rifah, ətraf mühit kimi 4 əsas istiqamət seçilib.

Sənəddə sakinlərin rifahı üçün rəqəm­sal həllərdən yararlanmaqla ənənəvi şə­bəkələrin və xidmətlərin daha səmərəli edilməsi məqsədilə “ağıllı şəhər” yanaş­ması irəli sürülüb. Bu yanaşmada elekt­ron idarəetmə sistemlərinə tam keçid, müasir texnologiyalar üzrə peşəkar kad­rların hazırlanması, yaşayış evləri, təhsil, səhiyyə və digər xidmətlər sisteminin op­timal əlaqələndirilməsi və digər mühüm mövzular öz əksini tapıb.

Emin Hüseynov daha sonra dedi: – Baş plan çərçivəsində şəhərə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq, ərazi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq, ictimai nəqliy­yatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırıla­caq, təbii çayların, su hövzələrinin mü­hafizə zonalarında geniş rekreasiya əra­ziləri təmin ediləcək, şəhərin tarixi irsinin tərənnüm etdirilməsi məqsədilə şəhər ərazisində Qələbə parkı, M.Füzuli Mey­danı, Memorial park da yaradılacaq və yaşıl zolaqlar vasitəsilə bu ərazilər bir-biri ilə əlaqələndiriləcək, məşğulluq əraziləri şəhərin şərq tərəfində, hava limanının mühafizə zonasının daxilində yerləşdi­riləcək.

Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısı­nın tapşırıqlarına uyğun olaraq azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində aparılan işlər barədə danışarkən, həm də işğal­çıdan təmizlənən ərazilərin bərpasında Azərbaycanın üzləşdiyi ən mühüm prob­lemlərdən birinin mina və digər partlayıcı maddələr olduğunu qeyd etdi: 

– Müsahibimiz minalarla çirklənmə ilə bağlı mübarizənin respublikamızın milli prioritetləri sırasına daxil edilmə­sinin önəmli məsələ olduğunu vurğu­ladı: 

– Yenidənqurma işlərinin birinci mər­hələsində kiçik ərazilərin bərpası la­yihələri həyata keçirildi. Daha sonra isə iri şəhərlərin yenidən qurulmasına baş­lanıldı. Bütün bunlar isə minaların təmiz­lənməsi ilə paralel şəkildə reallaşdırıldı. Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında bu məsələ ilk gündən diqqət mərkəzində saxlanıldı. Başqa sözlə, sürətli bərpa-qu­ruculuq layihələri minatəmizləmə işləri ilə paralel aparıldı. 

İndiyədək Ağdamın ərazisinin 30 faizə yaxını, Füzuli ərazisinin 27 faizi, Xocalının 15,8 faizi, Xocavəndin 5,3 fa­izi minalardan təmizlənib. Beləliklə, həm Ağdamda, həm də Füzulidə mina təmiz­ləyən heyətin əməyi nəticəsində işlərimiz bu gün öz axarı ilə gedir. Azərbaycan dövləti öz gücü hesabına Qarabağı bər­pa edir. Bu əzəli torpağımızın dirçəlişi üçün hər cür şərait var. 

Hazırda Füzulidə 6 məhəllə inşa olu­nur. 38 binada tikinti-quraşdırma əməliy­yatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürül­məsi nəzərdə tutulur. Bu proses iki mər­hələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir.

Ağdam şəhərində də bu proses sürət­lə gedir. Burada ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaş­manın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur. Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır. 

Bu il həm Hadrutda, həm də Tuğda tikinti-bərpa prosesinə start veriləcəyini bildirən Emin Hüseynov söylədi: 

– Suqovuşanda isə artıq ilk yaşayış məhəlləsinin salınması üçün ilk 5 beş­mərtəbəli binanın inşası üçün dövlət satınalınması proseduru həyata keçirilir. Yaxın bir-iki aya qədər orada tikinti əmə­liyyatlarına başlanacağı gözlənilir.

Xatırladım ki, işğaldan azad edil­miş digər ərazilərimiz kimi, Suqovuşan qəsəbəsinə də bu gün həyat yenidən qayıdır, burada quruculuq, təmir-bərpa işləri sürətlə aparılır. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan tə­mizlənməsinə başlanılıb. Qısa vaxtda Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu ikinci texniki dərəcəyə uyğun ye­nidən qurulub. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında, eləcə də Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiy­yətə malik Suqovuşan su anbarında tə­mir-bərpa işləri aparılıb.

Yeri gəlmişkən, işğaldan azad olun­muş ərazilərin dirçəldilməsi və yüksək texnologiyalar əsasında, o cümlədən “ağıllı” texnologiyalar bazasında müasir kəndlərin salınması, şəhərlərin yenidən qurulması bu bölgəni təkcə ölkəmizdə yox, dünyada dinamik və sürətlə inkişaf edən bir diyara çevirəcək. Sözügedən yaşayış sahəsinin “ağıllı” texnologiyalar əsasında qurulması Qarabağın dünya­nın yüksək texnologiya baxımından ən diqqətçəkən bölgələrindən biri olacağın­dan xəbər verir. 

İşğaldan azad olunmuş ərazilərimiz­də hazırda geniş quruculuq işləri aparı­lır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir. Suqovuşanda Turizmin İnki­şaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin də təməli qoyulub. Ötən əsrin 70-ci illərində ümummilli li­der Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yara­dılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacağı, oturacaqlar, söhbət­gahlar quraşdırılacağı, həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm mə­lumat mərkəzi və ictimai iaşə obyektinin yaradılacağı qərara alınıb. 

Turizm İnkişaf Konsepsiyasına əsasən, su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması planlaşdı­rılır. İlkin olaraq 5 hektar ərazidə istirahət parkı, onun içərisində piyadaların gə­zintisi üçün ərazilər, Turizm İnformasiya Mərkəzi, qayıqla gəzinti üçün platforma­lar yaradılacaq. Bunlardan əlavə, su an­barının ətrafında ictimai iaşə obyektləri­nin yaradılması üçün zonalar ayrılacaq. Suqovuşanın girişində olan körpünün ətrafında Tərtərçayın boyunca istirahət düşərgəsinin salınması planlaşdırılır. 

Prezidentin xüsusi nümayəndəsi­nin sözlərinə görə, azad edilmiş əra­zilərə Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində işlər 5 mərhələ üzrə apa­rılır: 

– “Bunlar ümumi və baş planların la­yihələndirilməsi, minatəmizləmə, baza infrastrukturunun yaradılması, sosial-iqti­sadi infrastrukturun tammiqyaslı yenidən qurulması və nəhayət, insanların qayıdı­şının təmin olunmasıdır. Planlaşdırmanın təkcə tikintiyə deyil, minatəmizləməyə də aid olması vacibdir. Baza infrastrukturu təmin edilməlidir ki, bura yollar, qaz, işıq, su, rabitə və sosial infrastruktur - məktəb­lər, xəstəxanalar, inzibati binalar və yaşa­yış evləri daxildir.

Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonu­nadək 34 mindən çox ailənin azad olun­muş ərazilərə köçürülməsi planlaşdırılır. Bununla bağlı müxtəlif dövlət qurumları arasında əməkdaşlıq şəraitində bütün məsələlər əlaqələndirmə qərargahı çər­çivəsində əlaqələndirilir.

Emin Hüseynov söhbət zamanı önəmli bir məqama da toxundu:

– Keçmiş məcburi köçkünlərin məs­kunlaşdırılması prosesində Qarabağ iqti­sadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istis­na olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşlə­ri üzrə Dövlət Komitəsinin və müvafiq icra hakimiyyəti orqanı nümayəndələrindən ibarət işçi qrup tərəfindən bu prosesdən xeyli əvvəl doğma yurd-yuvalarından di­dərgin düşənlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışının reallaşmasına hazırlıq tədbirləri görülür. Bu zaman, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda, tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir. Məsələn, Böyük Qayı­dış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mər­hələdə bu cür şəraitdə yaşayan 20 məc­buri köçkün ailəsinin (90 nəfər) köçürül­məsi bunun bariz ifadəsidir. 

Emin Hüseynov bildirdi:

– Prezident, Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düş­məndən təmizlədikdən sonra dövlətimi­zin başçısının tapşırığı əsasında burada tikinti-bərpa işləri aparıldı, yeni evlər inşa olundu, zəruri infrastruktur yaradıldı. Bir sözlə, kənddə zəruri, layiqli yaşayış şə­raiti yaradıldıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti ilk mərhələdə Talış kəndində məskun­laşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirdi. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirildi. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olundu. 

Tamamilə qazlaşdırılan kənddə hazır­da da bərpa-quruculuq işləri davam etdi­rilir. Növbəti mərhələdə bu yaşayış sahə­sinə 158 ailənin köçürülməsi nəzərədə tutulur. Bu evlərin tikintisinin çox qısa zamanda başa çatdırılacağı gözlənilir. Çünki əsas infrastruktur layihələri artıq hazırdır. 

Talış kəndindən sonra bu il Ağdam rayonundakı üç kənddə, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndində də bər­pa işlərinə başlanılacaq və hesab edirəm ki, gələn il o ərazilərə də köç reallaşacaq. Bundan başqa, Füzuli rayonunun Pirəh­mədli, Dədəli və Dövlətyarlı kəndlərinin bərpa prosesinə də bu il start veriləcək. Eyni zamanda, cari il ərzində Ağdam rayonunun Xıdırlı, Sarcalı və Kəngərli kəndlərində bərpa və quruculuq işlərinə başlanılacaq. Bu layihələr qrafikə uyğun olaraq vaxtı-vaxtında təhvil veriləcək.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Qarabağ iqtisadi ra­yonunda məskunlaşma ilə bağlı bil­dirdi:

– Keçmiş məcburi kğçkünlərin həsrə­tində olduqları doğma torpaqlarımıza qa­yıdışı, həm onların yaşayış şəraiti, həm də işlə təmin olunmaları Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən önəmli vəzifədir. Bu tapşırığın yüksək sə­viyyədə gerçəkləşməsi üçün bütün im­kanlardan səmərəli istifadə olunur. Əsas məqsəd isə işğaldan azad olunmuş əra­zilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək key­fiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir. 

Xocavənd rayonunun Tuğ kəndində 1,63 hektar sahəni əhatə edəcək inziba­ti zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada inşa və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq. Ərazidə genişmiqyaslı abad­lıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çə­kilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.

Emin Hüseynovun sözlərinə əsasən, məskunlaşma prosesi başla­yana kimi, məşğulluq məsələsinin həl­li də prioritet istiqamət olaraq diqqət­də saxlanılır: 

– Bununla əlaqədar aidiyyəti qurum­ların birgə əməkdaşlığı ilə xüsusi plan­lar hazırlanır. Yeri gəlmişkən, 2030-cu ilə qədər Qarabağ iqtisadi rayonunda 150 minə yaxın iş yerininin yaradılması nəzərdə tutulur. Bunun üçün hər cür şə­rait var. “Ağdam Sənaye Parkı”nda iş yer­lərinin gözlənilən sayı 5 min, kənd təsər­rüfatı sektorunda 15–17 min, dağ-mədən sənayesində 1,5–2 min, turizm sahəsin­də 1,5–2 min, kiçik və orta sahibkarlıq sektorunda isə 10–11,5 mindir. 

Prezidentinin xüsusi nümayəndəsisöhbətində işğaldan azad edilmiş əra­zilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı fikirləri də diqqətə çatdırdı. O, düş­məndən təmizlənən torpaqlarda hazırda infrastrukturun, o cümlədən kənd təsər­rüfatının inkişafı baxımından sahələrin işlənilməsinin aktiv mərhələsində oldu­ğunu vurğuladı. Emin Hüseynov, eyni za­manda, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialının həqiqətən çox böyük olduğunu, bu ərazilərin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli is­tehlak, həm də ixrac üçün istehsalı əhə­miyyətli dərəcədə artırmaq imkanı oldu­ğunu xatırlatdı. Müsahibimiz daha sonra dedi: 

– “Qarabağ torpaqları bol məhsul ye­tirən ərazilərdir. Bu ərazilər zəngin relyefi, iqlim şərtləri və digər əlverişli təbii imkan­ları ilə diqqət çəkir, eyni zamanda, kənd təsərrüfatının sürətli inkişafı baxımından fərqlənir. Hazırda bu yerlərin sağlamlaş­dırılması, minalardan təmizlənməsi is­tiqamətlərində ilkin zəruri addımlar atılır. İlk növbədə, uzun illər istifadəsiz qalan torpaq sahələrinin yararlı hala gətirilmə­si, deqradasiya proseslərinin aradan qal­dırılmasına paralel olaraq meliorasiya və irriqasiya sistemlərinin qurulması çağırışı diqqətdə saxlanılır. Şübhəsiz ki, sonrakı mərhələdə isə torpaqların uçotunun apa­rılması, kateqoriyalarının hazırlanması, əkin, örüş və otlaq sahələrinin müəyyən­ləşdirilməsi planlaşdırılır. 

Prezident İlham Əliyev dəfələrlə bil­dirib ki, işğaldan azad olunan Qarabağ torpaqları çox münbitdir. Ona görə də bu ərazilərdə yüksək məhsuldarlığa nail olmaq üçün fermerlərə, ora qayıdacaq vətəndaşlara həm kömək göstəriləcək, subsidiya, tövsiyə veriləcək, yetişdirilən məhsulu bazarlara çıxarmaları üçün dəstək olunacaq. Bu isə öz növbəsin­də, gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının idxal asılılığından azad edəcək. 

Sonda maraqlı müsahibəyə görə Emin Hüseynova təşəkkürümüzü bil­dirdik.

Vaqif BAYRAMOV,
Səbuhi MƏMMƏDOV,
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti” 

Əbülfəz BABAZADƏ,
“Bakinskiy raboçiy” 

Bakı–Füzuli–Bakı










Müsahibə