Azərbaycanın gücü Cənubi Qafqazın yeni düzən faktorudur

post-img

Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə Qərb formatı aktivdir. Bu aktivlik istər-istəməz Rusiya formatının passivliyi reallığını doğurmaqdadır. Əlbəttə, açıq bildirmək lazımdır ki, Kreml hazırda mövcud fazada hərəkət ardıcıllığına malik deyil, belə demək mümkünsə, proqramsızdır. Onun yeganə işlək müstəvisi iki Cənubi Qafqaz ölkəsinin baş nazir müavinlərinin danışıqlarıdır. 

Bununla müqayisədə Qərbin ortaya qoyduğu, müəyyən mənada, platforma xarakteri daşıyan vasitəçilik düzəni var. Hərçənd onu da əminliklə söyləmək olmaz ki, bu düzən sırf daxili müqa­vimət gücünə və münaqişə tərəflərinə təsir seqmentinə görə ayaqdadır. Yəni, tərəflər özləri ziddiyyətli durumu aradan qaldırmaq istəyirlər və vasitəçilik insti­tutu da məhz buna görə aktivdir. Bura­da Rusiya və Qərbin öndə olması artıq onların öz bacarıqları kimi qiymətləndi­rilməlidir.

Bu yerdə 44 günlük müharibəni doğu­ran səbəblərə diqqət yetirək. İlk növbədə ümumi planda işğal faktoru vurğulanmalı­dır. Yəni, Azərbaycan torpaqlarına Ermə­nistan tərəfindən qəsb və təcavüzün otuz ilə yaxın müddətdə davam etməsi. İkincisi, uzun illər Ermənistan rəhbərliyinin danışıq­lar prosesini dalana dirəməsi. Üçüncüsü, 2018-ci ildə bu ölkədə hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan administrasiya­sının Azərbaycanla konflikti güc hesabına sona çatdırmaq istəyi. 

Diqqətə çatdırdığımız üçüncü məqa­mın üzərində dayanmaqla, digər iki məqa­ma da aydınlıq gətirmiş olacaq, həmçinin, Azərbaycan-Ermənistan nizamlamasının hazırkı fazasına nəzər salacaq, ən əsası isə haradan hara gəldiyimizi göstərəcəyik. Bu mənada Azərbaycan Prezidenti İlham Əli­yevin 2022-ci il yanvarın 12-də ölkəmizin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi və Ermənistanın hazırkı haki­miyyəti ilə bağlı olan fikirlərinin üzərində dayanmağı vacib sayırıq: “...Onu da biz unutmamalıyıq ki, indiki hakimiyyət əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndir­di. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsil­çisidir. Cıdır düzündə oynayan, Azərbay­can xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni, indi biz indiki hakimiyyətin davranışına baxma­malıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal al­tında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağ­lıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə-bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danı­şıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qon­şuluqda yaşayırıq”.

***

2020-ci il sentyabrın 27-də müharibə başlandı və Ermənistan darmadağın oldu. Hesab edək ki, Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat ilə müharibəyə son qoydu. Azərbaycan üçün savaşı başa çatdırmaq güc yolu ilə əldə etdiklərini si­yasət meydanında möhkəmləndirmək im­pulsu idi. Ötən müddətdə bunu yetərincə dəyərləndirdi. Ermənistan üçün isə üçtərəfli Bəyanat “ölümdən” xilas anlamı daşısa da, 2020-ci ildən sonrakı müddətdə aşkar gö­ründü ki, İrəvan, necə deyərlər, dirilərək itirilmişlərin bərpasına çalışır. Təbii ki, bu amil həm həmin vaxt öncül mövqe tutan Rusiyanın vasitəçilik missiyasına xələl gətirdi, həm də prosesə kənar oyunçuların qoşulmalarını şərtləndirdi. Moskva bu yol­da nəyə görə axsadı, hesab edirik ki, hansı təzahür formalarından asılı olmayaraq, bu onun vəziyyəti düzgün qiymətləndirməmə­sinin nəticəsi idi. 

Kreml əvvəla çalışdı ki, 2018-ci il inqi­labı ilə qərbyönümlü inkişaf yolu tutmuş Er­mənistanı daxili orbitinə qaytarsın. İkincisi, müharibənin doğurduğu reallıqlar fonunda özünün Cənubi Qafqazdakı jandarmeriya missiyasını davam etdirsin. Üçüncüsü isə yeni reallıqların gətirdiyi durumda qlobal aktor kimi regional müstəvidəki iqtisadi düzəndə həlledici rol oynasın, tərəflərə təz­yiq imkanlarını saxlasın. Lakin ilk növbədə Ermənistana təsir gücünü itirdiyinin fərqinə varmadı. Moskva, habelə, Azərbaycanın müstəqil siyasət yürütdüyünün və bu si­yasətin prinsiplərdə ardıcıllıq mahiyyətinin, həmin prinsiplərdən irəli gələn məsələləri gerçəkləşdirmək üçün siyasi–iqtisadi re­surslara və alətlərə sahibliyinin fərqinə var­madı. 

***

Nəticə etibarilə 44 günlük müharibədən sonra Bakı İrəvanı sülhə məcbur etməyə başladı və bu gün də təzyiqlərini davam etdirir. Çünki Azərbaycan üçün işğala son qoyulmasında olduğu kimi, bütün vacib məsələlərin gerçəkləşməsində həlledici fak­tor, gücdür. 

Bəli, qətiyyətlə söyləmək mümkündür ki, hazırda Cənubi Qafqaz müstəvisində­ki proseslərin inkişaf dinamikasını müəy­yənləşdirən məhz Azərbaycanın gücüdür. O məsələ də var ki, Bakı bu gücü rasional şəkildə istifadə edir. Onun hər hansı kənar təsirlərə məruz qalmasına yol vermir. Belə demək mümkünsə, gücünün üstündə əsir ki, qlobal, eyni zamanda regional oyun qayda­larını pozmasın. Hesab edirik ki, bu məqa­mı böyük güc mərkəzləri də yaxşı görür və hesablaşırlar. 

Ermənistan da hesablaşmaq məcburiy­yətindədir. 44 günlük müharibədən sonra fərqli vəziyyət yaratmaq istəyən tərəf həm də odur. Hazırda istəyinə nail olmayacağını da anlamış və müəyyən mənada vəziyyətlə barışmış durumdadır. İndi Ermənistanın et­mək istədiyi yalnız lokal mənafelərin təmi­natıdır. Böyük anlamda isə baş nazir Nikol Paşinyan administrasiyasının təmsilçilərini düşündürən ölkənin varlığı, təhlükəsizlik təminatıdır. Halbuki 44 günlük müharibə­dən sonrakı ilk müddətdə onlar vəziyyətin özləri üçün bu dərəcədə dramatik şəkil ala­cağını nəinki təsəvvürə gətirmir, heç ağıl­larından belə keçirmirdilər. Düşünürdülər ki, müharibə məğlubiyyəti məntiqi durum deyil, qorxunc yuxu və ani uğursuzluqdur. Ermənistan hakimiyyəti, bir növ, yuxudan ayılaraq, rüsvayçılığı aradan qaldıracağı qə­naətində idi...

Bəli, hazırda Azərbaycanın yaratdığı, gücü və iqtisadi rakursu paralel şəkildə özün­də birləşdirən vəziyyətin ayrı-ayrı epizodları onu deməyə əsas verir ki, artıq Bakı-İrəvan münasibətlərinə böyük güclərin təsir imkan­ları yoxdur. Halbuki otuz ilə yaxın müddətdə həmin təsirlər olmuşdu. Məsələni Azərbay­can Prezidenti İlham Əliyev dəfələrlə vur­ğulayıb. Dövlətimizin başçısının mövcud xüsusda Ermənistan rəhbərliyinə çoxsaylı xəbərdarlıqları var. Əlbəttə, itirilmişlərin bərpasına ümid bəsləyən avantürist ermə­ni cəmiyyətinin bu reallığı anlaması zaman sürsə də, mahiyyət və gediləcək yolun qaçıl­mazlığına dair siyasi paradiqma aktuallığını qorumaqdadır.

İndi istər Qarabağ ermənilərinin du­rumu, istər regionda kommunikasiyaların açılması, istər Zəngəzur dəhlizi, istərsə də anklavlar məsələsi və sair bu kimi daxili elementləri özündə birləşdirən Azərbay­can-Ermənistan münasibətlərinin, böyük anlamda isə Cənubi Qafqazdakı münaqişə­li durumun tənzimlənməsinə xarici güclü oyunçuların birbaşa təsiri minimal oldu­ğundan, əsas məqam Bakı və İrəvanın an­laşmasıdır. Böyük ölçüdə nə Rusiyanın, nə də ermənipərəstliyin kif atmış təmayüllə­rinə köklənmiş Fransanın vəziyyətə hansısa təsiri yoxdur. 

Rusiya qeyri-ordinar hərəkət göstərəcə­yi təqdirdə, Ermənistandan sonra Azərbay­canda da nüfuzunu itirəcək, Fransa isə on­suz da özü üçün kollektiv Qərb anlayışında sabit olmayan durumunu daha da ağırlaşdı­racaq. Vasitəçilikdə kollektiv Qərbin digər təmsilçiləri olan ABŞ və Avropa İttifaqının ehtiyatlı davranmaları isə vəziyyəti düzgün dəyərləndirmək ehtiyacından irəli gəlmək­dədir. Bu mənada dünyada məşhur Valday Siyasi Diskussiya Klubunun proqram di­rektoru, siyasi icmalçı Timofey Bordaçevin söylədikləri maraq doğurmaqdadır. 

Bildirdiklərindən belə çıxır ki, T.Bor­daçev Azərbaycan-Ermənistan münasibət­lərinin tənzimlənməsindəki Qərb vasitəçi­liyinin aktvliyi fonunda Rusiyanın siyasi mühitində yaranmış qısqanc münasibət ifa­dəçilərindən fərqli olaraq, sülh müqaviləsi imzalanmasından sonra iki Cənubi Qafqaz ölkəsi arasında problemlərin qalacağını düşünmür. Çünki o, sülh prosesinə doğru yoldakı hadisələrin əsas münaqişə tərəfləri arasında ikitərəfli münasibətlər çərçivəsin­də inkişaf etdiyini vurğulayır, xarici qüv­vələrin, hətta onların ən güclülərinin belə, təkamülə həlledici təsir göstərə bilməsinin qeyri-mümkünlüyünü qabardır. Bununla yanaşı, siyasi icmalçı hazırda getdikcə daha çox ehtimal olunan həllin, məhz ikitərəfli kontekstdə davamlılığının nəzərdən keçiril­məli olduğu düşüncəsindədir. Onun bu de­yimi daha çox tərəflərin məsələyə yanaşma­sının fundamentallığına duyulan zərurətin vurğulanmasıdır. 

Tanınmış rusiyalı politoloqun Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi nöqteyi-nəzərdən irəli sür­düyü ümumi mahiyyət daşıyan nəzəri as­pektlər və həmin aspektlər fonunda gəldiyi nəticə də maraq doğurmaqdadır. Məsələn, o bildirir ki, beynəlxalq münasibətlər elmi böyük dövlətlər arasında münaqişələrlə nis­bi rahatlıqla məşğul olur. “Onların maraq və dəyərlər üzərində toqquşmalarının praktiki təcəssümü kimi bu və ya digər ərazinin tale­yi məsələsi ola bilər. Lakin hər zaman təh­lükəsizlik problemi əsas yer tutur. Burada ərazi nəzarəti ikinci dərəcəli əhəmiyyət kəsb edir və qarşıdurmanın xarakteri beynəlxalq siyasətə təsir və strateji perspektivdə var olmaq kimi ümumi məsələlərə aiddir. Bu cür münaqişələr istər hərbi, istərsə də diplo­matik, çox vaxt ciddi müharibələrə çevrilsə də, opponentlərin imkanlarının müqayisəli­liyinə və ən əsası digərlərindən üstünlüyünə görə ikitərəfli münasibətlər çərçivəsində davam edir və həllini tapır. Belə konfliktlər mahiyyətcə və onların gedişatını şərtlən­dirən amillərə görə eynidir. Onlar formul­dur və beynəlxalq münasibətlər elminin metodoloji vasitələrindən istifadə edərək proqnozlaşdırmaq üçün asanlıqla əldə edilə bilər”, - deyən Bordaçevin fikirləri əvvəldə haqqında söz açdığımız motivlərə toxunul­ması baxımından da əhəmiyyətlidir.

Bəli, Valday klubunun proqram direk­toru T.Bordaçev kifayət qədər rasional ya­naşma müəllifidir. Onun fikirlərindən belə çıxır ki, hazırda Azərbaycan-Ermənistan münasibətləri, mövcud xüsusda irəli çəkilən Qarabağ amili beynəlxalq güclərin təsir im­kanlarının yüksəkliyi fazasından çıxıb. Vur­ğuladıq və həqiqətən belədir ki, bu, Azər­baycan dövlətinin yaratdığı reallıqdır. İndi görürük ki, bu reallıq həm də beynəlxalq münasibətlər elminin qanunauyğunluqları və ahəngi fonunda meydana çıxmış təma­yüldür. 

Əlbəttə, Bakının bu təmayülün yetişdi­rilməsi, işləklik qazanması, böyük güclə­rin nəzəri məsələləri təhdidetmə təbiəti ilə bağlı klişelərdən qurtulması naminə apar­dığı siyasi-diplomatik fəaliyyətin uğuru ayrıca qeyd edilməlidir. Mövcud mənada Prezident İlham Əliyevin 44 günlük mü­haribənin davam etdiyi günlərdə - 2020-ci ilin oktyabrın 26-da xalqa müraciəti zamanı bildirdiyi fikirləri yada salaq: “Münaqişə­nin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Biz bu bazanı genişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər mövcud­dur. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əmək­daşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlə­rimizin toxunulmazlığı və ərazi bütövlü­yü haqqında xüsusi müddəa var. Yəni, bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq onları, rədd edək bizim torpaqlarımızdan”. 

Fikrimizi dolğunlaşdırmaq üçün daha bir məqama diqqət çəkək. Baxın, Azərbaycan 44 günlük müharibəyə qədər müxtəlif bey­nəlxalq nüfuzlu platformalarda torpaqları­nın işğala məruz qaldığını, işğal nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğunu, üstəlik BMT-nin dörd qət­naməsinin icra olunmaması kimi mənfi pre­sedentin yarandığını vurğulayırdı, amma eşi­dən olmurdu. İkinci Qarabağ müharibəsində ölkəmizin göstərdiyi güc, eyni zamanda bu gücün tətbiqinə zəmin formalaşdırmaq üçün illərlə apardığı siyasət isə yekunda torpaqla­rımızn işğalına son qoydu ki, bu, həm də hə­min beynəlxalq hüququn prinsiplərinin bö­yük güclər tərəfindən saya salınmaması kimi mənfi tendensiyanı sıradan çıxardı. T.Borda­çevin dəyərləndirməsi baxımından yanaşsaq, bu, konfliktin obrazlı desək, böyük dövlətlə­rin hərəsinin bir tərəfdən tutub saxlamaqdan imtinasının ortaya qoyduğu situasiyadır.

Bəli, Azərbaycanın tarixi zəfərlə başa çatdırdığı İkinci Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyə­tinin formalaşmasında mühüm mərhələdir. Nəticədə, bölgənin keçmişi ilə gələcəyi arasında köklü dəyişiklik baş verməkdədir. Hazırda regional güc dəyişikliyi və Qafqaz­da yeni geosiyasi reallıq qlobal və regional güclər tərəfindən qəbul edilib. Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyini aktuallaşdıran da elə budur. Ancaq son­da dövlətimizin başçısının İrəvanla sülh müstəvisində səsləndirdiyi, eyni zamanda, ölkəmizin yeni Cənubi Qafqaz düzənindəki prioriteti olaraq meydana çıxan bir fikrini də diqqətə çatdırmaqla, yazımızı tamamla­maq istərdik. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildir­mişdi: “...Yəni, sülh müqaviləsinin imza­lanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə mi­nimuma endirir. Halbuki biz onu da bilməli­yik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq”.

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət