Napoleon əsgərlərimizə qarşı

post-img

Dünən Ermənistanda Azərbaycan Ordusunun hərbçilərindən biri Hüseyn Axundovun məhkəməsi başlayıb. Mə­lumatı erməni mediası yayıb. H.Axun­dov Sünikdə 57 yaşlı mühafizəçini qətlə yetirməkdə ittiham olunur. Yəni, əsgə­rimizə qarşı saxta ittihamın motivi bu­dur. Cinayət işinə Napoleon Ohanyan adlı hakimin baxacağı bildirilir. 

Deməli, Ermənistan nəticə çıxarmaq istə­mir. Heç şübhəsiz, ölkənin bu davranışı sülh prosesinin aktivləşdiyi hazırkı dövrdə ciddi problemlər doğuracaq. Belə yanaşma, eyni zamanda, İrəvanın səmimiyyətdən uzaqlığını göstərməkdədir. Mövzumuz həm də bu barə­dədir. 

Əvvəlcə qeyd edək ki, Azərbaycan Ordu­sunun hərbi qulluqçuları – 2004-cü il təvəllüd­lü Bəbirov Aqşin və Axundov Hüseyn (2003-cü il təvəllüdlü) aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yer­ləşən Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar görüntünün məhdudlaşdı­rılması səbəbindən itkin düşüblər. Sonradan sosial şəbəkələrin erməni seqmentində əsgər­lərimizin tutulması ilə bağlı videogörüntülər yayıldı ki, həmin görüntülərdə onların alçaldı­cı rəftara məruz qaldıqları nümayiş olunurdu. 

Yeri gəlmişkən, həm hərbçilərimizə qar­şı nalayiq və qeyri-insani davranışa, həm də məhkəmə prosesinə Azərbaycan Prezidenti İlham Əliyevin reaksiyası kifayət qədər sərt olmuşdu. Dövlətimizin başçısı mayın 28-də Laçında öz doğma yurd-yuvalarına dönmüş rayon sakinləri ilə görüşündə məsələyə toxun­muş, diqqəti İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaya çəkərək bildirmişdi: “Bir müddət bundan əvvəl bizim iki hərbçimiz yolu azaraq Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb. Bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayən­dələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, - çünki bu ehtimal çox böyükdür, xüsusilə qış aylarında, siz özünüz bilirsiniz ki, burada iqlim çox sərtdir, dağlardır, dərələrdir, yolu azmaq olar, - əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandalla­yıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?”

Qeyd edək ki, haqqında söz açdığımız məsələ mayın 14-də Azərbaycan və Ermə­nistan liderlərinin Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş üçtərəfli görüşündə də müzakirə olunmuşdu. Həmin vaxt görüşün nəticələri ilə bağlı məlumat verən Ş.Mişel humanitar məsələlər kontekstində bildirmişdi ki, tərəf­lər yaxın həftələrdə daha çox məhbusun azad ediləcəyinə dair razılığa gəliblər. Onun sözlə­rinə görə, təmas gedişində azaraq qarşı tərəfə keçmiş hərbçilərin tezliklə azadlığa buraxıl­masının, itkin düşmüş şəxslərin taleyinin həlli və minalardan təmizlənməsi üzrə işlərin güc­ləndirilməsinin vacibliyi də vurğulanmışdı.

Qeyd edək ki, Azərbaycan Prezidenti La­çın sakinləri ilə görüşündə çıxış edərkən də mayın 14-də Belçikanın paytaxtındakı üç­tərəfli görüş zamanı əldə olunmuş razılığı və orada hərbçilərimizə qarşı qeyri-insani rəftarla bağlı özünün hansı mövqeni ortaya qoyduğunu xatırlatmışdı. “...Mayın 14-də Brüsseldə keçi­rilən üçtərəfli görüşdə mən bildirdim ki, bu, dözülməzdir. Əgər siz bu razılaşmanı (İkinci Qarabağ müharibəsindən sonra yolu azmış hər­bçilərin iki gün müddətində geri qaytarılması ilə bağlı razılaşma – red.) pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz. Dərhal bizim hərbçilərimizi qaytarın. Amma bunun əvəzinə onlara iş verilib, 11 il müddətinə məhkum ediliblər. Nə məhkəmə olub, nə vəkil olub, nə hakim olub, nə də media nümayəndələri. Belə məhkəmə olar? Bu, qanunsuzluqdur. Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil”. 

Lakin bir daha deyək ki, Ermənistan üç­tərəfli Brüsseldəki görüşdə əldə edilmiş razı­laşmaya əməl etmir. Əsgərimiz Hüseyn Axun­dovla bağlı məhkəmə prosesinin başladılması da bundan xəbər verməkdədir. Mövcud xü­susda onu da diqqətə çatdırmalıyıq ki, Pre­zident İlham Əliyev haqqında söz açdığımız çıxışında hərbçilərimizin mühakiməsinin yol­verilməzliyini, onlara qarşı saxta ittihamların irəli sürüldüyünü vurğulayaraq, Ermənistanın hələ ki, de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyinin olduğunu xatırlatmışdı. Döv­lətimizin başçısı, həmçinin, ölkənin sərhədləri anlayışının da hələlik müəyyən mənada qəbul edildiyini diqqətə çatdırmışdı. Yəni, əgər nor­mal sərhəd yoxdursa, deməli, onun pozulması ilə bağlı hansısa hərəkətlərin edilməsinə dair ittiham da doğru sayıla bilməz. Ən əsası isə: “...Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasi­ya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avro­padan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim”.

Sonda bildirək ki, Azərbaycan hakimiy­yəti yolunu azaraq Ermənistan tərəfə keçmiş əsgərlərimizin ölkəmizə qayıtmaları üçün bü­tün mümkün vasitələrdən istifadə edəcəkdir. Dövlətimizin başçısının Laçında ortaya qoy­duğu qətiyyətli mövqe dirənişin növbəti bariz nümunəsidir. Bu isə o deməkdir ki, İrəvanda onlara qarşı hansı saxta hökmün çıxarılması­nın heç bir əhəmiyyəti yoxdur. Əsgərlərimiz Vətənə dönəcəklər. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət