Kanada Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Sultanhüseyn Qasımzadədən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Kanada Azərbaycanlı Gənclər Birliyi adından Sizə doğum gününüz münasibətilə dərin ehtiramla səmimi təbriklərimizi çatdırıram.

Son illər Azərbaycan xalqı Sizin rəhbərliyinizlə tarixinin ən parlaq səhifələrini yazmışdır. Beş il öncə əldə etdiyimiz tarixi Zəfər yalnız hərbi qələbə deyil, yüz illərin ədalət arzularının gerçəkləşməsi, xalqımızın milli iradəsinin təntənəsi idi. Bu qələbədən doğan qürur bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır və gənclərə ölkəmizin gələcəyinə daha böyük inam bəxş edir.

Başa çatmaqda olan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması dövlətimizin gücünün, müstəqilliyimizin sarsılmazlığının və əldə olunan milli birliyin rəmzidir. Bu, Zəfərdən yaranan yeni reallığın möhkəmlənməsi, Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsi deməkdir. Biz bu ili yalnız təqvim səhifəsində deyil, həm də qəlbimizdə, milli kimliyimizdə və Vətən sevgimizdə yaşayırıq. Sizin uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində Azərbaycan bu gün beynəlxalq arenada öz sözünü inamla deyən, haqqını qoruyan və dünyada sülhün, əməkdaşlığın tərəfdarı olan bir dövlət kimi tanınır. Beş il əvvəl qazanılmış tarixi Zəfər xalqımızın milli yaddaşında əbədi bir qürur səhifəsinə çevrilmişdir. Bu Zəfərin yaratdığı birlik və iradə Azərbaycanı gələcəkdə daha böyük uğurlara aparacaqdır. Biz, Kanadada yaşayan soydaşlarınız olaraq, bu nailiyyətləri böyük fəxarətlə izləyir və ölkəmizi layiqincə təmsil etmək üçün daim çalışırıq.

Cənab Prezident, Sizin müəyyən etdiyiniz siyasi xətt diasporumuzun fəaliyyətini də gücləndirmişdir. Kanadada yaşayan gənclərin milli kimliyinin qorunması, ana dilimizin tədrisi, Azərbaycan mədəniyyətinin təbliği və icmalar arasında həmrəyliyin artırılması istiqamətində mühüm addımlar atmışıq və bu uğurların hər biri Sizin milli birlik siyasətinizin xaricdə yaşayan azərbaycanlılara verdiyi gücün təzahürüdür.

Hörmətli cənab Prezident, biz Sizin rəhbərliyinizə, həyata keçirdiyiniz siyasətə və Azərbaycanı daha parlaq sabahlara aparan yolunuza sarsılmaz inam bəsləyirik. Vətəndən uzaqda olsaq da, Sizin ətrafınızda həmrəy olmağı böyük şərəf hesab edirik.

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, yeni uğurlar, dövlətimizə isə sülh, firavanlıq və daha böyük zirvələr arzu edirik.

Qoy Azərbaycanımızın bayrağı hər zaman yüksəklərdə, qürurla dalğalansın!

Ən dərin hörmət və ehtiramla,

 

Sultanhüseyn Qasımzadə

Kanada Azərbaycanlı Gənclər Birliyinin rəhbəri

Məktublar