Şəhid Vidadi Zalovun ailəsi dövlət səviyyəsində göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq edib

post-img

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş, müharibədən sonrakı dövrdə hərbi vəzifələrini yerinə yetirərkən 2023-cü ilin aprel ayının 11-də Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Abşeron rayon sakini Vidadi Zalovun 40 mərasimi keçirilib.

Rayonun Saray qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər. Mərasimdə şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib. Daha sonra şəhidin əziz xatirəsinə ehsan təşkil olunub.

Şəhid Vidadi Zalovun ailə üzvləri onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Şəhidi yad edərkən bildirilib ki, ailənin yeganə oğul övladı olan Vidadi ali təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılıb və həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulub. Xidməti zamanı fərqləndiyinə görə dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılıb, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, fərqlənib.

Vətən müharibəsindən sonra "Gizirlik kursu"nu keçən şəhidimiz "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlib. Aprelin 11–də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törədilən təxribat nəticəsində Vidadi Zalov döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.





Məktublar