Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu!
Şimali Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan Sizi atanızın, müasir dövrün görkəmli siyasi xadimi, Azərbaycan xalqının Ümummilli Lideri və fəxri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Heydər Əliyev müdrik siyasi xadim və əsl xalq lideri kimi təkcə Azərbaycan Respublikasının deyil, həm də keçmiş SSRİ-nin bütün xalqlarının tarixində silinməz parlaq izlər qoyub. Qeyri-adi şəxsiyyət, uzaqgörən rəhbər, öz xalqının mətin oğlu olan Heydər Əlirza oğlu Əliyev çox mürəkkəb dövrdə bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında birləşdirə bildi, bununla da Azərbaycan xalqının birliyinin və Azərbaycan dövlətinin sarsılmazlığının möhkəm bünövrəsini qoydu. Eyni zamanda, onun zəngin siyasi irsi Azərbaycanın dünya miqyasında layiqli yerini və dost ölkələrin, o cümlədən Rusiyanın hörmətini təmin etdi. Müasir Azərbaycan Respublikasının tarixini Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil.
1997-ci ildə Heydər Əliyevlə şəxsən görüşməyim mənim üçün unudulmazdır və qəlbimdə bu görkəmli şəxsiyyətə əbədi olaraq sonsuz ehtiram yaratdı. Onun müdrikliyi, uzaqgörənliyi, siyasi, iqtisadi, mədəni və mənəvi sahələrdə bütün problemləri dərindən təhlil etmək qabiliyyəti məndə həqiqətən heyranlıq hissi doğurdu. O deyirdi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Onun bütün sözlərində və işlərində dəyişməz olaraq Azərbaycan xalqının və dövlətinin maraqları naminə sərf etdiyi nüfuz var idi.
Siz, çox hörmətli cənab Prezident, dahi atanızın işini davam etdirərək Azərbaycanın və onun şərəfli xalqının gələcək tərəqqisini təmin edir, həmçinin əsrlər boyu bizim ölkələrin xalqlarını birləşdirən və birləşdirməyə davam edən dostluq, sıx mehriban qonşuluq və qarşılıqlı etimad işinə layiqli töhfə verirsiniz.
Bu gün dahi Heydər Əliyevin xatirəsi Azərbaycanın sabitliyi və tərəqqisinin onun tərəfindən qoyulmuş möhkəm bünövrəsinə əsaslanan Sizin gördüyünüz işlərdə, dövlət və xalq qarşısında müstəsna xidmətlərinizdə yaşayır. Əminəm ki, Ümummilli Liderin ideyaları gələcəkdə də diqqətlə qorunacaq, nəsildən-nəslə ötürüləcək və gözəl ölkənizin – Azərbaycanın gələcək inkişafında mayak rolunu oynayacaq.
Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan xalqına tərəqqi və rifah diləyirəm. Qoy, Sizin gözəl torpağınızda həmişə aydın səma olsun! Azərbaycana sülh, firavanlıq və əmin-amanlıq arzulayıram.
Dərin hörmətlə,
Şaqabitdin-Hacı Kerimov
Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan və
Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi