Tanınmış şair, DGTYB Məsləhət Şurasının üzvü Prof.Dr. Rəsmiyyə Sabirin “Şeir qadın” adlı yeni kitabı qardaş Qazaxıstanda gün üzü görüb. Kitabın redaktoru tanınmış qazax şairi, Əməkdar mədəniyyət xadimi, alim-pedaqoq Dövlətkerey Kəpulıdır. “Foliant” nəşriyyatında çıxan kitabı qazax dilinə Qazaxıstan Yazıçılar Birliyinin üzvü, “Ayböz” Milli Ədəbi Mükafatı laureatı, şair-tərcüməçi Asem Erejeqızı uyğunlaşdırıb.
Kitabda Rəsmiyyə Sabirin zəngin poetik dünyasını əks etdirən seçmə şeirlər yer alıb. Müəllif insan ruhunun dərin qatlarına enərək Vətən sevgisi, şəhidlik və azadlıq uğrunda mübarizə kimi mövzuları yüksək bədii dillə təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Əkbər Qoşalı “XQ”-nə açıqlamasında bildirib ki, kitabdakı şeirlərdə Qarabağ ağrısı, Şuşa həsrəti və qələbə sevinci ilə yanaşı, insanın daxili iztirabları, mənəvi axtarışları və həyatın faniliyi fəlsəfi baxımdan özünəməxsus şəkildə işlənilib. Müəllifin səmimi və təsirli üslubu oxucunu həm düşündürür, həm də duyğulandırır.
Rəsmiyyə Sabirin poeziyası Azərbaycanla yanaşı, Türk dünyasında maraqla qarşılanır və təqdir edilir. Onun şeirləri müxtəlif dillərə çevrilmişdir.
“Şeir qadın” kitabı Qazaxıstan oxucusuna çağdaş Azərbaycan poeziyasını tanıtmaqla yanaşı, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər fonunda türk xalqları arasında ədəbi körpü rolunu oynayır.
Zərifə HÜSEYNOVA
XQ

