Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti və “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Daşkəndə gələn Azərbaycan Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov universitetin professor-müəllim heyəti və tələbələri qarşısında “Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyəti Mərkəzi Asiyanın kulturolji kontekstində” mövzusunda mühazirə oxuyub.
500 nəfərədək dinləyicini əhatə edən auditoriyada qarşısında çıxış edən natiq əvvəlcə Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar və tarixi əlaqələrin tarixindən və indisindən bəhs edərək deyib ki, Özbəkistan türk xalqları ailəsində özünəməxsus yer tutur, Özbəkistan da, Azərbaycan da, Şərq mədəniyyətinə və dünya ədəbiyyatına misilsiz töhfələr veriblər. Azərbaycan yaradıcı insanlarının doğurduğu irsin son 1500 il ərzində Türküstandan Hindistana, Anadoludan Əndəlüsə, Qafqazdan Çinədək uzanan geniş ərazilərdə yayılaraq ümumi mədəni inkişafa əhəmiyyətli təsir göstərdiyini vurğulayan akademik Rafael Hüseynov bu qənaətini ayrı-ayrı şəxsiyyətlər və əsərlərin timsalında şərh edib. IX-X əsrlərdən başlayaraq XX əsrədək Yaxın və Orta Şərqdə yaradıcılıqları məktəbə, ənənəyə çevrilmiş məşhur azərbaycanlılardan söz açan akademik Rafael Hüseynov onların yadigar qoyduğu mirasın mənəvi zənginləşməyə xidmət etməsi ilə yanaşı daim xalqlarımızın yaxınlaşması, təmasların dərinləşməsi üçün mühüm körpü vəzifəsi daşıdığını bildirib.
1 saat davam edən mühazirəsində akademik Rafael Hüseynov Azərbaycan dühasının müsəlman Şərqi intibahının formalaşmasında aparıcı rolu üzərində dayanmış, Bəhmənyar Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Əbu Bəkr Əcəmi Naxçıvani, Səfiəddin Urməvi, Nəsirəddin Tusi, İmaddəddin Nəsimi, Şah İsmayıl Xətai, Sultan Məhəmməd, Mirzə Fətəli Axundzadə və digərlərinin timsalında Azərbaycanın Mərkəzi Asiyada ortaq elmi-mədəni dəyərlər şəbəkəsinə münbit təsirindən bəhs etmişdir.
Məktəb, yol yaradan, əsərləri ilə bütün müsəlman Şərqinə və türk dünyasına üz tutan görkəmli azərbaycanlılar sırasında akademik Rafael Hüseynov xüsusi olaraq Cəlil Məmmədquluzadədən söz açmış, elə bu məruzə səslənərkən 120 yaşı tamam olan “Molla Nəsrəddin” jurnalının tarixi missiyası üzərində dayanmışdır.
Dinləyicilərin maraqla qarşıladığı məruzənin ardınca özbək və azərbaycanlı gənclərin ifasında rəqslər və nəğmələrdən ibarət konsert proqramı təqdim edilmişdir.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd




