Azərbaycan mədəniyyəti, xüsusilə, milli musiqi mədəniyyəti xalqın tarixi yaddaşını, mənəvi dünyasını və milli kimliyini formalaşdıran əsas dayaqlardan biridir. Qədim türk etno-mədəni mühitindən qaynaqlanan Azərbaycan musiqisi əsrlər boyu şifahi ənənə, ustad-şagird məktəbi və zəngin yaradıcılıq təcrübəsi vasitəsilə inkişaf edərək bu gün dünya miqyasında tanınan bənzərsiz mədəni irsə çevrilib. Muğam sənəti, xalq musiqisi janrları və klassik bəstəkarlıq məktəbi milli musiqi mədəniyyətimizin əsas mənbələri kimi xalqımızın tarixi-mənəvi varlığını dolğun şəkildə ifadə edir.
Azərbaycan milli musiqisinin formalaşması və inkişafı təsadüfi deyil, tarixən dövlətçilik düşüncəsi və milli özünüdərk prosesi ilə vəhdətdə baş verib. Müstəqillik dövründə Azərbaycan milli musiqisinin qorunması və inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin ideya və strateji əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli mədəniyyəti, xüsusilə də musiqi sənətini xalqın mənəvi varlığının, tarixi yaddaşının və dövlətçilik şüurunun ayrılmaz tərkib hissəsi kimi qiymətləndirir, bu sahənin inkişafını milli təhlükəsizlik və ideoloji sabitlik kontekstində dəyərləndirirdi. Onun rəhbərliyi dövründə Azərbaycan musiqisi, muğam sənəti, aşıq yaradıcılığı və klassik bəstəkarlıq məktəbi sistemli şəkildə dövlət qayğısı ilə əhatə olunmuş, görkəmli sənətkarların yaradıcılığı yüksək səviyyədə qiymətləndirilmişdir.
Bu siyasi və ideoloji xətt müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mədəniyyətə, xüsusilə, musiqi və muğam sənətinə göstərdiyi ardıcıl diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən mədəni proqramlar və layihələr milli musiqi irsinin müasir dövrün tələblərinə uyğun inkişafına real zəmin yaradır.
Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan milli musiqi mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasında və muğam sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri ayrıca vurğulanmalıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən muğam festivalları, elmi-praktik layihələr, tədris və nəşr proqramları milli musiqi mədəniyyətimizin sistemli qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Məhz bu siyasi və mədəni kontekst daxilində “Azərbaycan Mədəniyyəti – 2040: Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” milli irsin qorunması və inkişafı üçün strateji yol xəritəsi rolunu oynayır. Konsepsiya milli musiqi irsinin müasir texnologiyalar vasitəsilə sənədləşdirilməsini, tədris sisteminin gücləndirilməsini, beynəlxalq mədəni inteqrasiyanı və yaradıcı sənayelərin inkişafını əsas prioritetlər kimi müəyyən edir. Bu sənəd mədəniyyəti yalnız keçmişin mirası kimi deyil, gələcəyə yönəlmiş dinamik inkişaf resursu kimi təqdim edir.
Konsepsiyanın real və davamlı uğuru onun bütün regionlarda olduğu kimi, zəngin mədəni irsə malik olan Naxçıvanda da milli-mənəvi dəyərlərin qorunması, musiqi və folklor irsinin sistemli şəkildə yaşadılması, yaradıcı mühitin gücləndirilməsi və mədəni potensialın regional inkişaf strategiyalarına inteqrasiyası ilə bilavasitə bağlıdır. Naxçıvan musiqi mədəniyyəti tarixən Azərbaycan milli musiqi irsinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, özünəməxsus ifa üslubu və yaradıcılıq mühiti ilə seçilir. Muğam və aşıq sənəti, xalq musiqisi nümunələri və klassik ifaçılıq ənənələri bu bölgədə nəsildən-nəslə ötürülərək bu gün də canlı şəkildə yaşadılır.
Müasir dövrdə rəqəmsal texnologiyaların mədəniyyət sahəsinə daxil olması yeni imkanlarla yanaşı, milli kimliyin qorunması baxımından müəyyən çağırışlar da yaradır. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası bu çağırışlara cavab olaraq ənənə ilə müasirlik, tarixlə innovasiya arasında tarazlığın qorunmasını əsas prinsip kimi irəli sürür. Bu yanaşma Azərbaycan musiqi mədəniyyətinin tərkib hissəsi olan Naxçıvan musiqi mühitində də öz real əksini tapır. Virtual muzeylər, elektron arxivlər və onlayn mədəni platformalar vasitəsilə regionun musiqi irsi artıq yalnız yerli auditoriya ilə məhdudlaşmır, beynəlxalq mədəni dövriyyəyə daxil olur. Nəticədə mədəniyyət istehlak olunan dəyərdən çıxaraq istehsal edilən və ixrac potensialına malik strateji resursa çevrilir.
Konsepsiyanın əsas istiqamətlərindən biri olan kreativ industriyaların inkişafı Naxçıvanda musiqi və səhnə sənətinin yeni mərhələyə keçidini stimullaşdırır. Bu baxımdan Naxçıvan Dövlət Filarmoniyası, uşaq musiqi məktəbləri, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakultəsi regionun mədəni həyatında aparıcı rol oynayan əsas mərkəzlərdir.
Xüsusilə, Naxçıvan Dövlət Universiteti bu prosesdə mədəni-təhsil sintezinin uğurlu modelini təqdim edir. Universitetdə fəaliyyət göstərən NDU “Simfonik orkestri”, “Xalq çalğı alətləri orkestri”, “Qədim xalq çalğı alətləri ansamblı”, “İnstrumental ansambl” və “Caz qrupu” milli musiqi irsinin qorunması ilə yanaşı, onun müasir janrlarla sintezini təmin edir. NDU nəzdində fəaliyyət göstərən musiqi alətləri laboratoriyası isə milli musiqi alətlərinin bərpası, elmi araşdırılması və təkmilləşdirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Naxçıvan Musiqi Kollecinin orta ixtisas təhsili müəssisəsi kimi Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərməsi ilə formalaşan təhsil və yaradıcılıq əlaqələri regionda peşəkar musiqi kadrlarının hazırlanmasına, ustad-şagird ənənəsinin müasir ali təhsil modeli ilə uzlaşdırılmasına geniş imkanlar yaradır. Festival və konsertlər, gənc ifaçılar üçün müsabiqələr, ustad dərsləri və mədəni layihələr Naxçıvanın musiqi həyatını canlandırmaqla yanaşı, onu ölkənin mədəni inkişafında aparıcı mərkəzlərdən birinə çevirir.
Beynəlxalq festivallar, mədəniyyət günləri və mədəni diplomatiya çərçivəsində həyata keçirilən layihələr Naxçıvan musiqi mədəniyyətinin Azərbaycan brendi kimi təqdim olunmasına xidmət edir. 2040 vizyonu çərçivəsində bu regionun mədəniyyəti artıq regional deyil, qlobal mədəni proseslərin fəal iştirakçısı kimi nəzərdə tutulur.
Nəticə etibarilə, “Azərbaycan Mədəniyyəti – 2040: Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” milli irsin qorunması ilə müasir inkişaf arasında strateji körpü rolunu oynayır. Bu konsepsiyanın uğurlu icrası məhz Naxçıvan kimi zəngin mədəni mühitlərdə həyata keçirilən real və sistemli addımlarla ölçüləcək. Naxçıvan musiqi mədəniyyəti Akademik səviyyədə Naxçıvan Dövlət Universitetinin elmi-tədris potensialı, fəaliyyət göstərən musiqi kollektivləri və yaradıcı layihələr vasitəsilə 2040-cı ilə doğru Azərbaycan mədəniyyətinin aparıcı lokomotivlərindən biri kimi çıxış etmək gücünə malikdir. Bu model milli musiqi irsinin elmi əsaslarla qorunmasını, yaradıcı şəkildə inkişafını və gələcək nəsillərə ötürülməsini təmin etməklə yanaşı, dövlətin mədəniyyət siyasətinin regionlarda praktik və dayanıqlı reallaşmasının bariz nümunəsi kimi öz əhəmiyyətini qoruyacaq.
Fətəli Axundzadə
Naxçıvan Dövlət Universitetinin əməkdaşı

