Azərbaycan Vyetnamda beynəlxalq səyahət sərgisində milli stendlə iştirak edir

post-img

Vyetnamın iqtisadi-maliyyə mərkəzi Hoşimin şəhərində Mekonq çayı subregionunun ən böyük turizm sərgisi hesab olunan Beynəlxalq Səyahət Sərgisi (ITE HCMC 2025) işə başlayıb.

Ölkəmizin Vyetnamdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən turizm liderləri, iş adamları və hökumət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan ilk dəfə milli stendlə təmsil olunur. Bu, Azərbaycanın turizm potensialının tanıdılmasına və iki ölkə əlaqələrinin inkişafına xidmət edir. Ölkəmizin sərgidə iştirakı Azərbaycan Turizm Bürosu, eləcə də özəl şirkətlər tərəfindən təmin olunur.

Azərbaycanla Vyetnam arasında 1959-cu ildən başlanan tarixi dostluq əlaqələri 2025-ci ildə iki ölkənin başçıları tərəfindən strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Turizm əməkdaşlığın prioritet sahələrindən biri hesab olunur. Hər iki ölkənin turizm sahəsində öz bölgələrində lider mövqeyində olmaları ilə yanaşı son illər qarşılıqlı turist səfərlərinin xeyli artması müşahidə olunur. Vyetnam cari ildə 25 milyon turist cəlb etməyi hədəfləyir. Bundan başqa, hər il təxminən 10 milyonadək Vyetnam vətəndaşı xarici ölkələrə səfər edir. Qarşı tərəfin dəvəti ilə Vyetnama səfər edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin, eyni zamanda, Hoşimin bölgəsinin tərkibində olan Vunqtau şəhərində görüşlərinin keçirilməsi və buradakı Bakı küçəsini ziyarət etməsi nəzərdə tutulur. Bu ad 1987-ci ildə Azərbaycan neftçilərinin Vyetnamın neft sənayesinin inkişafına töhfələrinin şərəfinə verilib. Bakının Xətai rayonunda da Vunqtau küçəsi mövcuddur.

Azərbaycanın sərgidə debütü iki ölkə arasında turizm, biznes və mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsi istiqamətində əhəmiyyətli addımdır. Zəngin mədəni irsi ilə Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan vyetnamlı turistlər və biznes dairələri üçün yeni imkanlar təqdim edir.

Milli stend Azərbaycanın turizm imkanlarını nümayiş etdirməklə yanaşı, B2B görüşləri və tərəfdaşlıqlar üçün də platforma rolunu oynayır. Azərbaycan şirkətlərinin və BŞİH nümayəndələrinin sərgidə birgə iştirakı ölkəmizin Vyetnam və ASEAN regionu ilə uzunmüddətli əməkdaşlığa marağını göstərir.

Ölkəmizin ilk dəfə olaraq sözügedən sərgidə iştirakı yeni turizm təşəbbüslərinin, biznes və mədəni layihələrin həyata keçirilməsinə, eləcə də xalqlarımız arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə yol açacaq.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin







Mədəniyyət