Melodiyaların əfsunladığı sehrli axşamlar

post-img

Azərbaycan paytaxtında beynəlxalq səviyyəli musiqi bayramı davam edir. Ötən günlər ərzində festival çərçivəsində maraqlı layihə üzrə bir sıra yaddaqalan təqdimatlar olub.

Konsert salonlarında Fransanın məşhur caz-divası Mina Aqossinin kvarteti, Türkiyənin yenilikçi “Altera Ensemble” qrupu, ADA Universitetində Şahin Növrəslinin çıxışları, “Caz gecəsi”, Zaza Xutçişvilinin, Simon Raabın, Liz Rasanın, Mike Del Ferronun performansları gözəl musiqi aurası yaradıb. Xorvatiyadan Lela Kaploviç (vokal), Petar Kulibrk (piano), Filip Pavik (gitara) və Luçiya Kaploviç (skripka) də özlərinin dünyaca məşhur caz qruplarının bacarığını göstəriblər.

IV Bakı Piano Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində pianoçu Röya Taner (Şimali Kipr), pianoçu Yeganə Axundova (Azərbaycan) və dirijor Valid Ağayevin (Türkiyə) rəhbərliyi altında Bakı Kamera Orkestrinin iştirakı ilə klassik musiqi konsertinə gələnlər Mərkəzin foyesində “Arts Council of Azerbaijan” təşkilatının təşəbbüsü ilə çağdaş rəssamların fortepiano mövzusunda əsərlərindən ibarət sərgi ilə tanış oldular.

“Arts Council of Azerbaijan”ın rəhbəri Dadaş Məmmədovun sərgi barədə dedikləri:

– Bakı Piano Festivalına artıq neçə ildir dəstək verir və layihəyə rəssamları da cəlb edə bilirik. Çünki musiqi və rəssamlıq bir-birindən ayrılmaz sahələrdir. Bu festival çərçivəsində biz bir sıra vorkşoplar təşkil etdik. Bu zaman ərsəyə gətirilən əsərlər indi gözləriniz önündədir. Bu gün burada sərgilənən rəsmlər 17 əsərdən ibarət böyük bir kolleksiyadır. Bəzi sessiyalar canlı musiqi və caz improvizasiyalarının müşayiəti ilə təşkil olunub. Bu, həqiqətən də çox gözəldir!

Konsertdən əvvəl musiqiçilər jurnalistlərlə festival təəssüratlarını bölüşdülər.

Yeganə Axundova – pianoçu və bəstəkar, Əməkdar artist:

– Belə bir festivalın, xüsusilə də bizim Azərbaycan fortepiano məktəbi üçün çox vacib olan bu tədbirin keçirilməsi, həqiqətən də, möhtəşəm hadisədir. Festivalın özəlliyi ondadır ki, burada tamamilə fərqli musiqi janrları yer alır: klassika, caz və müxtəlif eksperimental çıxışlar. Festivalda həm yerli, həm də xarici məşhur musiqiçilər, eləcə də istedadlı uşaqlar iştirak edirlər. Bu gün, məsələn, mən Şimali Kiprdən olan gözəl pianoçu Röya Taner ilə, Bakı Kamera Orkestrinin dirijoru, gənc və istedadlı musiqiçi Valid Ağayevlə bir səhnəni paylaşacağam. Valid Azərbaycan dirijorluq məktəbinin gələcəyidir və inanıram ki, çox parlaq bir yolu olacaq. Bu festivala görə əsas təşkilatçı olan caz pianoçumuz Şahin Növrəsliyə təşəkkür edirəm. O, Azərbaycan caz məktəbini beynəlxalq arenada tanıdır və biz onunla fəxr edirik.

Valid Ağayev – Adana şəhərindəki Çukurova Universiteti Dövlət Konservatoriyasının müəllimi, Mersin Şəhər Orkestrinin dirijoru:

– Konsertdən əvvəl xoş bir həyəcan içindəyəm. Çünki ilk dəfə Yeganə Axundova və heyrətamiz Bakı Kamera Orkestri kollektivi ilə birgə çıxış edəcəyəm. Ümid edirəm ki, hər şey uğurla keçəcək. Şahin və Natavan Növrəsliləri, həmçinin bu axşamın bütün iştirakçılarını möhtəşəm musiqi bayramı münasibətilə təbrik edirəm. Bayram böyük uğurla keçir.

Röya Taner – pianoçu, Şimali Kipr Türk Respublikasının Əməkdar artisti:

– Mən Azərbaycana artıq 6-cı dəfədir ki, gəlirəm. Müxtəlif tədbirlərdə, ölkənin müxtəlif səhnələrində çıxış etmişəm. Lakin Bakı Piano Festivalında ilk dəfədir çıxış edirəm. Bu layihənin bir hissəsi olduğum üçün çox şadam. Məni gözəl Bakının gözəl layihəsinə dəvət etdiyinə görə Şahin Növrəsliyə təşəkkür edirəm.

İki hissədən ibarət olan konsert böyük uğurla keçdi. Maraqlı performanslar, ifaçıların virtuoz çıxışları hər kəsdə xoş duyğular yaratdı. Sənətçilər dönə-dönə alqışlandılar. Bir sözlə, çox ecazkar gecə oldu. Caz improvizasiyaları paytaxtın yaz küləkləri ilə bir ahəngdə könülləri oxşadı.

“Rotunda Roof Garden”də isə festival Əməkdar artist Şahin Növrəslinin virtuoz konserti ilə davam etdi. Onun pianoda, Fuad Cəfərin bas gitarada, Elşad Abdurəhimovun nağarada və Braziliyadan gələn xüsusi qonaq Ayzek Cambanın barabanda çıxardıqları “pəstah”lar festivala xüsusi rəng qatdı. Musiqilər caz ənənələrindən, Avropa klassikasından, polifoniya elementlərindən, blüzdən və xalq musiqisindən qaynaqlanan parlaq improvizasiyalar idi. Hər bir nömrədən Şahin bəyin Qərb və Şərq ənənələrini ustalıqla birləşdirdiyi aşkar görünürdü. Buna görə də hər nömrə tamaşaçıda heyrət dolu dərin emosiyalar yaradırdı, hər not sehrli gecənin ab-havasını ötürür və tamaşaçıların diqqətini çəkirdi. Konsert gurultulu alqışlarla başa çatdı.

Festival çərçivəsində “Fortepiano üçün ədəbi etüd” adlı müsabiqəni və buna həsr olunan ədəbi axşamı da qeyd etmək olar. Bakı Piano Festivalı iyunun 28-dək davam edəcək.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət