Özbəkistanda Azərbaycan muğamı və milli musiqisi ilə bağlı ustad dərsləri keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin ali təhsil ocaqlarında Azərbaycan muğamı və milli musiqi sənətimizlə bağlı ustad dərsləri təşkil olunub.

Ustad dərslərini Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova aparıb. Dərslər musiqi, musiqişünaslıq, solo ifa və xalq çalğı alətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub, tələbələrə Azərbaycan milli musiqi mədəniyyəti, muğam sənətinin tarixi kökləri, ifa üslubları, xalq musiqimizin janr zənginliyi və milli irsimizin qorunması ilə bağlı ətraflı məlumat verilib.

Gülyanaq Məmmədova mühazirələrində Azərbaycan muğamının dünya musiqi xəzinəsindəki yeri , 2008-ci ildə Azərbaycan muğamlarının UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi, muğamın müasir ifaçılıq və bəstəkarlıq məktəblərindəki rolu barədə danışıb. Dərs zamanı tələbələrlə interaktiv şəkildə praktiki məşğələlər keçirilib, muğam ifaçılığı üzrə ustad nümunələri təqdim olunub, səhnə mədəniyyəti, vokal texnikası, ifaçılıq məktəbləri və musiqi frazalarının interpretasiyası ilə bağlı tövsiyələr verilib.

Ustad dərsləri çərçivəsində tanınmış Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər sənətkarların yaradıcılığına da xüsusi yer ayrılıb. Ustad dərsləri iştirakçıların böyük marağına səbəb olub. 

Qeyd edək ki, bu layihənin əsas məqsədi Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, gənc musiqiçilərin Azərbaycan musiqi məktəbi ilə yaxından tanış olması və regionda mədəni inteqrasiyanın gücləndirilməsidir.

 

Qulu Kəngərli 

Daşkənd







Mədəniyyət