Dünən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyinin təqdimatı keçirildi. Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açdı. O, Sabir Rüstəmxanlının çoxşaxəli bədii-publisistik yaradıcılığını geniş təhlil etdi.
Akademik görkəmli ziyalının Azərbaycanın dövlət müstəqilliyinin bərpası və inkişafında rolundan, ictimai xadim kimi xidmətlərindən danışaraq dedi ki, canlı mübariz olan istiqlal şairinin publisistikası da milli fikir müstəvisində xüsusi istiqamət açıb, nəsri də yetərincə güclüdür: “Ötən əsrin son onilliyində onun təsis etdiyi ilk müstəqil mətbu nəşr – “Azərbaycan” qəzeti, ən azı, 100 min, bəzən də 500 min tirajla çıxırdı.
Sabir Rüstəmxanlını bir alim kimi də nümunə süayıla bilər. Onun namizədlik dissertasiyası olan “Molla Nəsrəddin və folklor” mövzusu bu gün də aktualdır. Şairin əsərlərinin cildlərinə görkəmli alimlərin geniş ürəklə “Ön sözlər” yazması onun yaradıcılığına necə yüksək dəyər verildiyinin bariz göstəricisidir”.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında dedi ki, Sabir Rüstəmxanlının “Ömür kitabı” Azərbaycan ədəbiyyatının inkişafında yeni bir mərhələdir. Onunla hələ gənclik ilərindən başlanan dostluğunun zamanın sınaqlarından mətanətlə çıxdığını dilə gətirən Anar bildirdi ki, Sabir bəyin istedad, iradə və zəhmətlə hasilə yetirdiyi 15 culdliyinin təqdimatı əlamətdar hadisədir.
Sabir Rüstəmxanlını “mütəfəkkir şair” adlandıran akademik Nizami Cəfərov dedi ki, onun fenomenal istedadı, biliyi, yaddaşı var və bundan sonra daha 20 cild də yaza bilər: “Müəllifin söz sənəti naminə göstərdiyi xidmətlər milli təəssübkeşlik örnəyidir, ədəbi və əbədi səciyyəlidir. O, cəmiyyətin ruhunu bilən və qələmə alan cəsarət sahibidir. Yazıları, çıxışları ilə daim zəkamıza və ürəklərimizə impuls verir və fundamentallığı qoruyub saxlaya bilir. Ana dilinin müqəddəsliyini, milli ideologiya spektrlərini xalqa yaxın intonasiya ilə çatdırandır”.
Mlili Məclis sədrinin müavini, akademik Rafael Hüseynov isə dedi: “Sabir Rüstəmxanlının çoxcildliyinə bütövlükdə “Azərbaycannamə” də demək olar. Onun “Qan yaddaşı”nı unudulmaz alimimiz Xudu Məmmədov möcüzəli ad hesab edirdi. Sabirin əsərlərinin bütün cildləri məhz milli yaddaşın diqtəsi, duyğulu illüstrasiyalarıdır, janr və formasından asılı olmayaraq, sırf azərbaycançılıq məfkurəsinə xidmət edir. O, istedadı millətə necə sərf etməyi bilən ziyalıdır. Xalq hərəkatında “Azadlıq” meydanında şairin alovlu çıxışları, onun “Azərbaycan” qəzetinin əl-əl gəzməsi yaxın tariximizin işıqlı anlarını təşkil edir”.
Mən sözün ağası, söz mənim qulumdur,
Mən haqqın yolçusu, haqq mınim yolumdur...
– deyən əsl şair, böyük ziyalı haqqında Milli Məclisin deputatı Fəzail İbrahimli də ürək sözlərini şövqlə dilə gətirdi. Sabir yaradıcılığının səciyyəvi cəhətlərindən bəhs edərək dedi ki, onun örnək vətəndaşlıq mövqeyi və xəttinin yazılı ifadələri olan 15 cildlik əsərləri, eyni zamanda, hər kəs üçün etibarlı və dəyərli mənbədir.
Daha sonra Xalq yazıçısı Çingiz Abdullayev, şair Rüstəm Behrudi, deputat Qüdrət Həsənquliyev, görkəmli siyasi xadim Həsən Həsənov, professor Qəzənfər Paşayev, Xalq yazıçısı Elmira Axundova və başqaları təqdim olunan əsərlərlə bağlı duyğu və düşüncələrini ifadə etdilər.
Sonda Sabir Rüstəmxanlı çıxış edərək, yaradıcılığına diqqət göstərənlərə və mərasimə toplaşanlara dərin minnətdarlığını bildirdi. Əsərlərinin 15 cildliyində yaradıcılığını tam ehtiva etməyə çalışdığını bildirən Xalq şairi hayat yolu ilə bağlı xatirələrə daldı. Çıxışlarda xatırladılan “Sağ ol, ana dilim”, “Salam, Gəncə qapısı”, “Səttar Bəhlulzadə küçəsi” və digər şeirlərinin yazılma tarixçəsindən danışdı. İlk şeirlərində adlarını çəkdiyi Məhəmməd Hadinin, Cavad xanın hər ikisinin sonralar yazdığı romanlarının qəhrəmanı olduqlarını bildirdi: “Elə insanlar, sənətkarlar, milli qəhrəmanlar, rəmzlər var ki, onlarsız tariximizi, milli kimliyimizi, xarakterimizi təsəvvür edə bilmərik”.
Belə mübariz qələm sahiblərindən biri də elə Xalq şairi Sabir Rüstəmxanlının özüdür.
Ə.DOSTƏLİ
XQ