Bakıda Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı başa çatıb. Aprelin 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Viva Opera” qala-konserti keçirilib.
Yekun konsertdə Almaniyadan olan qonaq, “Mannheimer Philharmoniker Orchestra”nın bədii rəhbəri, tanınmış dirijor Boyan Videnovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və solistlər iştirak ediblər. Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Bize, Verdi, Puççini, Rossini, Maskani, Leonkavallo, Cilea və digər bəstəkarların əsərləri səsləndirilib. Xalq artistləri Fidan Hacıyeva, Gülnaz İsmayılova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, opera müğənniləri Mahir Tağızadə, Atəş Qarayev, Nina Makarova, Adil Axundov, Taleh Yahyayev səhnəyə çıxıblar.
Sonda Fidan Hacıyeva jurnalistlərə müsahibə verərək deyib ki, 140 illik yubileyi qeyd olunan dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə açılışını etdiyimiz festivalın hər günü bayrama çevrildi. “Opera tarixi” və “Arzu” konsertləri böyük maraqla qarşılanıb. Burada Leyla xanım Əliyevanın şeirləri əsasında mahnılar ifa olundu. Festivalda istedadlı gənc ifaçıların çoxluq təşkil etməsi xüsusi fərəh doğurdu.
Qeyd edək ki, festivalın keçirildiyi bir həftə ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış azərbaycanlı və xarici ifaçıların, gənc opera müğənnilərinin, eləcə də 6–16 yaşarası istedadların iştirakı ilə konsertlər təşkil olunub.
XQ