Macarıstanın paytaxtı Budapeştdə “Mədəniyyət, ali təhsil və innovasiya üzrə macar-türk sammiti” keçirilib.
Samitin açılış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev toplantının əhəmiyyətini vurğulayıb, bu qəbildən tədbirlərin dost ölkələrin mədəni əməkdaşlığına mühüm töhfə verdiyini bildirib. Sonra təhsil və innovasiya sahələrində Türk dünyasının Macarıstanla daha sıx əməkdaşlığına həsr olunmuş iki plenar sessiya təşkil olunub. Sessiyalarda türk dövlətlərinin təhsil və innovasiya üzrə nazir müavinlərinin çıxışları dinlənilib.
Tədbirin ikinci günündə sammit “Ortaq mədəni əlaqələrimiz: ənənələrimizi dünyaya nümayiş etdirmək üçün region olaraq necə daha yaxşı əməkdaşlıq edə bilərik?” mövzusunda üçüncü plenar sessiya ilə davam edib. TÜRKSOY-un Baş katibi Sultan Raev türkdilli xalqların inteqrasiyası və rəhbərlik etdiyi beynəlxalq təşkilatın mədəniyyət səylərini birləşdirmək üçün həyata keçirdiyi tədbirlər barədə danışıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri – mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında ölkəmizlə Macarıstan arasında son illərdə mədəni əməkdaşlıq sahəsində əldə edilmiş uğurlu nəticələri diqqətə çatdırıb. O, iki ölkənin dostluq münasibətlərinin mədəniyyət sahəsində də yüksək səviyyədə inkişaf etdiyini deyib. Qeyd olunub ki, 2023-cü ildə Şuşa şəhərində ilk dəfə Türk Dünyası Mədəniyyət Forumu keçirilib və türk dövlətlərinin mədəni əməkdaşlığı baxımından mühüm təşəbbüslər irəli sürülüb. Eyni zamanda, forumun yekunlarına dair “Şuşa bəyannaməsi” qəbul olunub. Bildirilib ki, türk respublikalarının zəngin tarixi-mədəni irsini əks etdirən ortaq filmlərin, animasiyaların çəkilməsi, bu sahədə mütəxəssislər arasında mübadilə proqramlarının həyata keçirilməsi və s. xalqlarımızı daha da yaxınlaşdırır.
Plenar sessiyada Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan təmsilçiləri də çıxış ediblər. Sammitin sonunda bəyanat qəbul olunub. Sənəddə mədəniyyət sahəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, film sənayesi üzrə əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin muzey işi və media savadlılığı sahəsində gənclərin potensialının artırılması və s. məsələlər əksini tapıb.
XQ