Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib. Yubilyar qəzet və eyni adlı informasiya agentliyinin fəaliyyətə başladığı ilk günlərdən populyarlıq qazandığı, ictimai fikrin müntəzəm yayım platformasına çevrildiyi diqqətə çatdırılıb.
Giriş nitqində Mətbuat Şurasının sədri Rəşad Məcid “Olaylar”ın insanların mətbu sözə ehtiyac duyduğu bir vaxtda meydana atıldığını bildirərək deyib ki, nəşrin tez bir zamanda böyüyən yaradıcı heyəti öz məsuliyyəti və məhsuldar fəaliyyəti ilə bu ehtiyacı qarşılamağı bacardı. Bugünün “Olaylar”ı oxucuların müntəzəm görüşünə gələn, özünün dəst-xətti ilə seçilən, milli mətbuatımızın şanlı ənənələrinə sadiq jurnalistika məktəbidir. Bu yüksək statusun əldə edilməsində nəşrin baş redaktoru, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilən Yunus Oğuzun xidmətləri böyükdür. Hazırda “Olaylar” Media Qrupu kimi geniş fəaliyyət göstərir.
Sonra R.Məcid Mətbuat Şurasının “Olaylar” qəzetinə diplomunu Y.Oğuza təqdim edib. Yubilyar nəşrdə uzun illərdən bəri fəaliyyət göstərən Fatma Abbasquliyevaya da Şuranın diplomu təqdim olunub.
Medianın İnkişafı Agentliyi icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, 30 yaşlı “Olaylar müstəqillik illərinin salnaməsini yaradan media orqanlarındandır. Qazandığı yüksək status isə onu həm də cəmiyyətin azad düşüncə tribunası kimi qiymətləndirməyə əsas verir.
Toplantıda MŞ İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli və Bayraqdar Medianın baş redaktoru Azər Həsrət, həmçinin akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçı-dramaturq Kamran Nəzirli, publisist-nasir Şəmil Sadiq, yazıçı Varis Yolçuyev, “Olaylar” qəzetinin baş redaktor müavini F.Abbasquliyeva, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “Crossmedia.az” saytının baş redaktoru Mübariz Göyüşlü, vaxtilə nəşrdə çalışmış jurnalistlər Elman Cəfərli, Natavan Bayramova, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz, şair-jurnaist Faiq Balabəyli və başqaları “Olaylar”a ən xoş arzularını bildiriblər. Qeyd olunub ki, “Olaylar” ötən müddətdə yalnız usta qələm sahiblərinin deyil, eyni zamanda, ölkəmizin dəyərli ekspert və mütəxəssislərinin yetişməsində mühüm rol oynayıb. Hər zaman dövlətçilik xəttinə sadiq “Olaylar”ın hazırda da eyni missiyanı layiqincə daşıdığı, ölkəmizdə ictimai fikrin formalaşmasında oturuşmuş mövqeyə sahib olduğu, xaricdə yaşayan azərbaycanlıların etibarlı söz tribunası olduğu və keçdiyi yolun gələcək üçün möhkəm baza, etibarlı təminat yaratdığı konkret faktlarla əsaslandırılıb.
Sonda çıxış edən “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz yubilyar media orqanının hazırkı mövqeyə yiyələnməsində kollektivin hər bir üzvünün əməyinin olduğunu deyib, “Olaylar”a verilən dəyərdən məmnunluğunu ifadə edib.
Ə.ƏLİYEV
XQ