Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sabirabad şəhərində Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün tar və kamança ixtisasları üzrə ustad dərsləri təşkil ediləcək.
Mərkəzdən bildirilib ki, Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbində reallaşan görüşün aprelin 3-dən 8-dək davam etməsi nəzərdə tutulub.
Ustad dərsləri tar ifaçısı, Əməkdar artist Neymət Mürsəlov və kamança ifaçısı Fariz Hüseynov tərəfindən keçiriləcək.
Dərslərin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, lazımi metodiki köməkliyin göstərilməsi, həmçinin müəllimlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərin artırılmasıdır.