"Edama məhkumun son günü"

post-img

Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Samsunda keçirilən festivalda iştirak edib. 

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Viktor Hüqonun eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Edama məhkumun son günü" tamaşası növbəti dəfə Türkiyənin Samsun şəhərində uğurla nümayiş etdirilib. 

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, xoreoqrafı isə Lamiyə Əliyevadır. Rolları Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev, gənc aktyorlar Məmməd Mehdiyev və Səkinə Məmmədova ifa edirlər.

Bu tamaşa ilk dəfə 17 iyun 2023-cü ildə Naxçıvan Dövlət Milli Dram Teatrında premyerasını edib və indiyədək bir sıra nüfuzlu səhnələrdə uğurla nümayiş olunub. Tamaşa Ümummilli lider Heydər Əliyevin 100 illiyi və Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Azərbaycan Teatr Xadimləri İttifaqında və Gəncə Dövlət Milli Dram Teatrında uğurla səhnəyə qoyulub.

6 dekabr 2023-cü ildə Türkiyyə Mədəniyyət və İncəsənət Fondu tərəfindən təşkil olunan "Dönüşüm" mövzulu 11-ci Beynəlxalq İzmir Teatr Festivalında nümayiş etdirilən tamaşa, amansız teatr quruluşu və dinamik səhnə həlli ilə tamaşaçıların rəğbətini qazanıb. Bundan əlavə, tamaşa 9-cu Beynəlxalq Dionis teatr şənliyi və təlim düşərgəsində də uğurla çıxış edib.

2024-cü ildə isə tamaşa 36-cı Beynəlxalq Dənizli Teatr Festivalında teatrsevərlərin ixtiyarına verilib. 2025-ci ildə isə "Edama məhkumun son günü" tamaşası Trabzon şəhərində keçirilən 12-ci Beynəlxalq Erol Günaydın teatr günləri festivalında uğurla çıxış edib.















Mədəniyyət