8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

post-img

Sentyabrın 3-dən 7-dək Bakıda Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, festivala təqdim olunacaq animasiya filmləri onlayn “FilmFreeway” platforması vasitəsilə qəbul edilir.

Yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunan filmlər 2024-cü il yanvarın 1-dən sonra çəkilmiş ekran əsərləri olmalıdır. Filmdə istifadə edilən animasiya texnikaları və mövzularına məhdudiyyət qoyulmur. Müraciətlər üçün son tarix iyunun 15-dəkdir.

Qeyd edək ki, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə “ANİMAFİLM Gəncədə” festivalları təşkil edilib.

2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.

Mədəniyyət