Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cinema talks” və “Yaradıcı Azərbaycan” mövzusunda panel iclaslar keçirilib. Nazirliyin layihəsi çərçivəsində təşkil olunan müzakirələrdə kino sənayesində çalışan yaradıcı heyət, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri iştirak ediblər.
Əvvəlcə “Cinema talks” panel müzakirəsində son illər dövlət dəstəyi ilə lentə alınmış filmlərdən kadrlar nümayiş olunub. Sonra Azərbaycan Respublikası Kino Agentliyinin əməkdaşı Səbinə Bağırova ölkəmizdə xarici şirkətlər tərəfindən çəkilişlərin həyata keçirilməsi və həmin təşkilatların bu sahəyə 10 milyon dollar məbləğində investisiya yatırması haqqında məlumat verdi. O, müştərək film istehsalı, bu sahənin inkişaf perspektivləri və beynəlxalq əməkdaşlıq məsələləri haqqında danışdı.
“Kino Sənayesinin İnkişafı Fondu” İctimai Birliyinin sədr müavini, aktyor Azər Aydəmir “KinopArk” layihəsini təqdim edərək “Azərbaycanfilm” kinostudiyasının əsaslı şəkildə bərpa edilməsini təklif etdi.
Müzakirələrdə Mədəniyyət Nazirliyi yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, film, video və videooyunlar sektorunun müdiri Günay Rəhimova, “Azərbaycan Prosüderlər Gildiyası” İctimai Birliyinin sədri Müşfiq Hətəmov və başqaları da iştirak etdilər.
Burada Azərbaycan kino sənayesindəki mövcud vəziyyət təhlil olunaraq, kinofestivalların ("Baku Cinema Breeze" - BCB) və kino fondlarının müştərək istehsal üçün platforma kimi rolu, beynəlxalq müştərək filmlərin çəkilişindəki prioritetlər, kinoteatr infrastrukturunun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi, Türk dünyası ilə kino sahəsində birgə istehsalın (koproduksiya) təşviq olunması və digər mövzular üzrə fikir mübadiləsi aparıldı.
Daha sonra “Yaradıcı Azərbaycan” mövzusunda müzakirələrə start verildi. Mədəniyyət naziri Adil Kərimli açılış nitqində qeyd etdi ki, layihənin əsas məqsədi ölkəmizdə yaradıcı sənayelərin (MYS) inkişafı istiqamətində əldə olunan nəticələri işıqlandırmaq və atılacaq birgə addımları müəyyənləşdirməkdir:
– MYS-lər hazırda dünya miqyasında sürətlə böyüyən və iqtisadiyyatın ən çevik sahələrindən biri kimi önə çıxır, iqtisadi inkişaf və diversifikasiya üçün imkanlar təklif edir, mədəni və sosial dəyərlər yaradır. MYS-lər yaradıcılıq və intellektual kapitaldan əsas vəsait kimi istifadə etməklə mədəni komponentli mal və xidmətlərin yaradılmasını, istehsalını və paylanmasını əhatə edir. Buraya reklam, memarlıq, incəsənət, dizayn, musiqi və kino istehsalı, nəşriyyat və videooyunlar kimi müxtəlif fəaliyyətlər daxildir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində bu sahənin inkişafı Azərbaycan dövlətinin əsas prioritetləri sırasına daxil edilib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq, 2023–2024-cü illərdə strategiya çərçivəsində mühüm addımlar atılıb. Aidiyyəti qurumların iştirakı ilə mədəni və yaradıcı sənayelərin təsnifatlandırılması istiqamətində Azərbaycan Respublikasında MYS sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin (vəzifələrin), ölkədə istehsal olunan, ixrac olunan MYS məhsul və xidmətlərinin siyahıları hazırlanıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib. Bundan əlavə, mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı təsis olunub. Hazırda, ümumilikdə, 20 tələbə müxtəlif ölkələrin aparıcı universitetlərində təhsil alır.
Sonra Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov “Yaradıcılığı həyat tərzimizə çevirək” mövzusunda məruzə etdi. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov və digər çıxışçılar MYS-lərin əhəmiyyətini yüksək qiymətləndirdilər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə “Yaradıcı Azərbaycan – 2025” mövzusunda təqdimatla çıxış etdi.
Sonda nazirliyin yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun moderatorluğu ilə “Yaradıcılığa yatırım et!” mövzusunda təqdimatlar oldu.
Fidan SALMANOVA
XQ