Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış Borçalı əsilli qəhrəmanlara həsr olunmuş “Ölümsüzlər” kitabının təqdimatı keçirilib.
Azərbaycan və gürcü dillərində Tbilisidə nəfis tərtibatla çap olunmuş toplunun müəllifi şair-publisist Rafiq Hümmət kitab haqqında ümumi məlumat verərək borçalıların, bütövlükdə, Gürcüstanda yaşayan azərbaycanlıların həm Gürcüstanın, həm də Azərbaycanın azadlıq mübarizələrində daim ön sıralarda olduqlarını vurğulayıb.
Qaratəhlə kənd orta məktəbinin direktoru Bəhram İsayev, pedaqoq-publisist Savalan Osmanlı, Rustavi şəhər 18 saylı məktəbin və Qaratəhlə məktəbinin müəllimləri Mədinə Həsənova, Ülviyyə Veysəlova, Aygün Əliyeva, Sveta İsayeva, Dilbər və Nuranə Babayevalar çıxışlarında Azərbaycan və gürcü xalqlarının qəhrəmanlıq tarixindən söz açıb, hər iki xalqın ortaq dəyərlərini qorumağın vacibliyindən, “Ölümsüzlər” kitabının, bu mənada, xüsusi önəmindən bəhs ediblər. Abxaziyada qəhrəmancasına şəhid olmuş Ənvər Hümbətovun həyat yoldaşı Fatma Hümbətova şəhidlərin adının uca tutulmasına görə öz minnətdarlığını ifadə edib.
Müəllimlərdən Nurlana Əliyeva və Tsiuri Londaridze Rafiq Hümmətin “Şəhid nəğməsi” şeirini Azərbaycan və gürcü dillərində səsləndiriblər. Sonda jurnalist Azər Məmmədovun Vətən müharibəsində şəhid olan Borçalı əsilli qəhrəmanlara həsr olunmuş sənədli filmi nümayiş etdirilib.
XQ