Bəxtiyar Vahabzadə – 100
Dünən AMEA Ədəbiyyat İnstitutunda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, akademik, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilən “Ədəbiyyatımızın Bəxtiyarı” adlı elmi sessiya keçirilib.
Məclisdə iştirak edən deputatlar, yazıçılar, alimlər, təhsil və mədəniyyət işçiləri, şairin ailə üzvləri və media təmsilçiləri əvvəlcə istiqlal şairinin ömür yoluna işıq salan sərgi ilə tanış olublar. Şairin həyat və yaradıcılığından bəhs edən videoçarx da nümayiş etdirilib.
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanın Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı ilə bağlı ilk məclis olduğunu qeyd edib. O, akademiyanın müəssisə və təşkilatlarında, regional bölmə və mərkəzlərində yubiley münasibətilə silsilə tədbirlərin keçiriləcəyini, yeni nəşrlərin hazırlanacağını bildirib.
AMEA rəhbəri çağdaş Azərbaycan ədəbiyyatının parlaq siması Bəxtiyar Vahabzadənin mübariz şəxsiyyəti və çoxşaxəli yaradıcılığı ilə ədəbi-elmi fikrimizin zənginləşməsində önəmli rol oynadığını bildirib. Akademik şairin yaradıcılığını müstəqillik, azərbaycançılıq ideologiyası və istiqlal düşüncəsi baxımından daha dərindən tədqiq etməyin vacibliyini vurğulayıb: “Bu gün biz böyük şairimizin irsini müasir reallıqlar, qazandığımız qələbə və müstəqil dövlətimizin siyasi-ideoloji düşüncəsi işığında qeyd edirik. Bəxtiyar Vahabzadə istiqlal ədəbiyyatımızın bayraqdarı, milli azadlıq hərəkatının görkəmli nümayəndəsidir. O, ölkəmizin ən ali mükafatlarından olan “İstiqlal” ordenini ilk dəfə alan 3 mübariz soydaşımızdan biridir”.
Sessiyada bildirilib ki, Bəxtiyar Vahabzadə azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına misilsiz töhfələr verib. Şairin mübariz poeziyası istiqlal, azadlıq ideyalarının bədii təcəssümünə çevrilib. Böyük sənətkar müasir Azərbaycan poeziyasında fəlsəfi lirikanın da gözəl nümunələrini yaradıb. Bəxtiyar Vahabzadə Azərbaycanın və Türk dünyasının söz dahiləri sırasında yer almış nadir ədiblərdən biridir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev görkəmli şair Bəxtiyar Vahabzadənin Azərbaycanın və dünyanın ən qüdrətli şairləri sırasında layiqli yer tutduğunu, Türk dünyasının da dərdlərini daim istedad və cəsarətlə qələmə aldığını deyib.
Elmi sessiyada filologiya elmləri doktorları Vaqif Yusifli “Poeziyamızın Bəxtiyarı”, Elnarə Akimova “Bəxtiyar Vahabzadənin poetik məni”, Əlizadə Əsgərli “Bəxtiyar Vahabzadə yaradıcılığında insan konsepsiyası” və Esmira Fuad “Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili mövzusu” mövzusunda məruzələrlə çıxış ediblər.
T.AYDINOĞLU
XQ