Şirvan Şəhər Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək, onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustası, Azərbaycanın Xalq şairi, ictimai xadim Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yığıncaqda şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan təşkilatının sədri Zahir Qəhrəmanov, mədəniyyət işçiləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə, görkəmli ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin ömür yolundan və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.
Sonra, Nəbi Xəzri poeziyası ilə bağlı çıxışlarda şairin təbiət gözəlliklərinə vurğunluğu, doğma torpağa bağlılıq hissləri, dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə bağlı dəyərli fikirlər səsləndirilib.
Daha sonra, şairin şeirlərinə həsr olunmuş mahnılar ifa olunub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilib.
Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. O, eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür.