İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Mərkəzin rəhbəri Yeganə Salman açılış nitqində mərkəzin çoxşaxəli fəaliyyətindən danışıb, son on il ərzində həyata keçirilmiş layihələrə dair foto və video materiallar təqdim edib. O, bu illər ərzində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, eləcə də Afula Bələdiyyəsinin Absorbsiyası İdarəsinə minnətdarlığını bildirib.
Afula Bələdiyyəsinin Absorbsiyası İdarəsinin rəhbəri İnna Okun çıxışında Azərbaycan Mədəniyyət Mərkəzin kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib. Yeganə və Mixail Salmanın rəhbərliyi altında Azərbaycan icmasının Afula şəhərinin mədəni həyatına verdiyi böyük töhfələri diqqətə çatdırıb.
Yubiley gecəsinin bədii hissəsində Moskva Dövlət Linqvistik Universitetinin professoru, peşəkar tərcüməçi, şair, musiqiçi, beynəlxalq müsabiqələr laureatı Mixail Zağot öz əsərlərini və Azərbaycanın görkəmli sənətkarı Müslüm Maqomayevin repertuarından olan musiqiləri ifa edib.
Qeyd edək ki, son on il ərzində Yeganə və şair Mixail Salman Azərbaycanın tanıdılması məqsədilə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, milli bayramları və ənənələri ilə bağlı yüzlərlə tədbir təşkil edib. Bundan əlavə, mərkəzdə Azərbaycan və İsrail yazıçılarının əsərlərinin təqdimatları keçirilib, Azərbaycan haqqında yazılmış kitablar oxuculara təqdim olunub.
Mərkəzdə hər il 20 Yanvar faciəsinin və Xocalı soyqırımının qurbanları yad edilir. Ümummilli Lider Heydər Əliyev, dahi Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Şəfi Vazeh, Əliağa Vahid və digər görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş mərasimlər keçirilib. Görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Cövdət Hacıyev və digərlərinin musiqiləri səsləndirilib. Bu illər ərzində mərkəzin qonaqları sırasında yazıçılar Çingiz Abdullayev, Eduard Topol, rejissorlar Oqtay Mirqasımov və Rüfət Əsədov, siyasi analitiklər Aleks Veksler və David Kon, ictimai xadimlər Anna İbrahimbəyova, Leyla Begim və Rena Fel kimi tanınmış simalar yer alıb.
P.ƏMİRCANOV
XQ