Astanada akademik Darxan Kıdırəlinin kitablarının təqdimatı olub

post-img

Qazaxıstanın Milli Akademik Kitabxanasında akademik Darxan Kıdırəlinin Azərbaycan, türk və qırğız dillərində çap olunan “Daşa yazılmış tarix”, rus dilində nəşr edilən “Türk dünyası: Tarix prizmasından”, türk dilində işıq üzü görən “Kod adı Türküstan: Mustafa Çokay” sənədli-bioqrafik kitablarının təqdimatı olub.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qırğızıstan Prezidentinin müşaviri Arslan Köyçiyev, Qazaxıstan Prezidentinin müşaviri Bauyrjan Omarov, SVMDA-nın Baş katibi Kayrat Sarıbay, Qazaxıstan parlamenti Məclisinin və senatının üzvləri, səfirlər, alimlər, ictimayyətin nümayəndələri iştirak edib.  

Tədbiri giriş sözü ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova açaraq Darxan Kıdırəlinin türk dünyasının zəngin ortaq irsinin öyrənilməsi, qorunub saxlanması, eləcə də qardaş xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində mühüm töhfələrindən danışıb.

Beynəlxalq Türk Akademiyasının ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk dövrünə-Göytürk, Uyğur və Qırğız xaqanlığı kimi İslamdan əvvəlki qədim türk xaqanlıqlarına aid mirasdan danışan Adil Kərimli bildirib ki, "Daşa yazılan tarix" kitabında bu tarixi-mədəni zənginliyə geniş işıq salınır. 

Nazir deyib:-Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. Əminəm ki, bu kitab gələcək nəsillər üçün bilik və ilham mənbəyi olacaq.

Sonra Adil Kərimli və digər çıxış edənlər bu kitabların böyük əhəmiyyəti olduğunu qeyd ediblər və bu istiqamətdə Darxan Kıdırəliyə yaradıcılıq uğurları arzulayıblar.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Astana 

 

 

 

 











Mədəniyyət