“Top Model Azerbaijan” müsabiqəsinin qalibləri müəyyən olunub

post-img

Top Model Azerbaijan müsabiqəsinin Rəsmi Final gecəsi keçirilib. Tədbir şəhərin ən gözəl məkanlarından biri olan “Hayal Kahfesi Baku” da gerçəkləşib. Möhtəşəm gecə maraqlı şou proqram və rəngarəng moda nümunələrinin nümayişi ilə yadda qalıb. 

Top Model Azerbaijan müsabiqəsinin təsisçisi və baş direktoru, “Odlar yurdu” mükafatçısı Əli Rzayev çıxış edərək bildirib ki, yarış artıq 9 ildir ki, keçirilir. Bu yarış vasitəsilə gələcəkdə də böyük uğurlara imza atacağımıza inanırıq.  

Sonra, iştirakçılar səhnəyə çıxaraq bir-birindən maraqlı dizayn nümunələri əsasında hazırlanmış geyimləri modasevərlərə təqdim ediblər. 

Daha sonra, yarışın qalibləri müəyyən olunub. Birinci yerə Aleksandr Prikrostov və Aynur Axundova layiq görülüblər. Qaliblərə “Top Model Azerbaijan” tədbirinin dəstəkçiləri - “Karabakh Fitness”, “Xaliq hairdresser” və başqa rəsmi nümayəndələr tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Gecənin digər nominasiyalar üzrə qalibləri də mükafatlarla təltif olunublar.

Qeyd edək ki, münsiflər heyəti qismində “Best Model of Azerbaijan 2004” müsabiqəsinin qalibi İlqar Əliyev, “Avroviziya 2022” nin təmsilçisi, “Səs Azərbaycan” layihəsinin qalibi Nadir Rüstəmli, aktyor və aparıcı Şəhriyar Əbilov, “Miss Top Model Azerbaijan 2023” müsabiqəsinin qalibi Güllü Əhmədova, respublika çempionu İlyas Abdullayev, Azərbaycanın milli futbolçusu Amit Quluzadə və başqaları çıxış edirdilər. Rəsmi Final gecəsindən sonra keçirilən After Party-nin xüsusi qonaqları qismində isə rep ustası Paster və Fərid Mərd, Twoxtasy & Rasheed, Mad Huskies Freak Show və Dj Kamo iştirak edirdilər.

Birinci yerin qalibi Aleksandr Prikrostov XQ-yə müsahibə verdi: 

- Bu gün çox sevincliyəm. 2 il bundan əvvəl də bu yarışda iştirak etmişəm və üçüncü yerin qalibi olmuşam. Özümə söz verdim ki, bu dəfə birinci yeri qazanacam. Sözümün üstündə durdum. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İştirakçılara da uğurlar arzulayıram. 

Fidan SALMANOVA,
Şirin İsgəndərli (foto),
XQ 











Mədəniyyət