Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

post-img

Yanvarın 23-24-də Тürk Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakıda yerləşən baş qərargahında Şura iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici Işlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Fondun prezidenti Aktotı Raimkulova 2024-cü ildə Fondun həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib, 74-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb.

"Astanada keçirilən sammit çərçivəsində Alaqul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpa və yenidənqurma işlərinin tamamlanması, "Türk Dünyası 2040-a baxış" sənədinə və TURKTIME-ın təşəbbüsünə uyğun olaraq Türk mədəniyyəti irsinin kataloqunun hazırlanması, V Dünya Köçəri Oyunlarının dəstəklənməsi, İstanbulda Türk mədəniyyəti irsinin idarə olunması sahəsində mütəxəssislər arasında təcrübə və bilik mübadiləsi proqramının həyata keçirilməsi, "Türk dünyasinin məşhur şəxsiyyətləri", "Türk ədəbiyyatının xərgərləri", "Türk dünyasinin elmi xəzinələri" adlı kitab seriyalarının nəşri, Bakıda "Türk dünyası tarixinin və mədəni irsinin UNESCO perspektivindən öyrənilməsi və qorunması" mövzusunda beynəlxalq konfransın, UNESCO-nun Parisdəki mənzil-qərargahında Türk dünyasının görkəmli alimi Mahmud Kaşğari tərəfindən XI əsrdə yazılmış "Divani Lüğət at-Türk" adlı ilk Türk dilləri ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərginin keçirilməsi mühüm layihələrimizdəndir”,- deyə o əlavə edib.

Görüşdə, həmçinin təşkilatın normativ sənədlərində dəyişikliklərin edilməsi, 2025-2026-cı illər üçün Fondun fəaliyyət planına daxil edilmiş Türk dünyasının zəngin irsinin populyarlaşdırılmasına, qorunmasına və bərpasına yönəlmiş layihələr ətrafında ətraflı müzakirələr aparılıb. İclasın gündəliyində Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri də yer alıb.

Xatırladaq ki, bu il Fondun Şurasına Qazaxıstan sədrlik edir. Fondun təsisçi ölkələrinin mədəniyyət nazirlərinin iştirak edəcəklər İkinci Şura iclası isə fevralın 7-də Astanada keçiriləcək.



Mədəniyyət