Doğmaları, dostları, qədirbilən oxucuları Zəlimxan Yaqubun anadan olmasının 75-ci ildönümü günündə xalq şairinin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Mərasimi giriş sözü ilə açan Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçsi Musa Nəbioğlu görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib, son illərdə nəşr olunan kitablarından danışıb. O bildirib ki, bugünlərdə şairin daha 2 kitab nəşr olunub. “Məqalələr, müsahibələr” toplusunda onun ömrünün son illərində yazdığı məqalələri və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, “Zəlimxan özü var xatirələrdə” adlı kitabda isə ölümündən sonra haqqında yazılmış məqalələr və ona ithaf olunmuş şeirlər yer alıb.
Sonra çıxış edən AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstititunun direktoru Misir Mərdanov, görkəmli dövlət xadimi Həsən Həsənov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, professor Vidadi Orucov, Əməkdar jurnalist İsmayıl Ömərov, şairlərdən Qılman İman, Sabir Sadaxlı, Təbriz İman, Binəli Bayram və Sənan Hüseynov şairlə bağlı xatirələrini bölüçüblər, onun milli poeziyamızın inkişafına göstərdiyi sanballı xidmətlərindən söz açıblar.
Aşıqlardan Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı və Ramin Qarayev müxtəlif saz havaları üstündə şairin şeirlərini səsləndiriblər.
Şairin oğlu Bəhlul Yaqubov ailələri adından tədbirin təşkilatçılarına və iştirak edənlərə minnətdarlığını bildirib.
XQ