Azərbaycan və Özbəkistan arasında jurnalistika sahəsində birgə əməkdaşlığa dair razılıq əldə olunub

post-img

Özbəkistan Jurnalistlər İttifaqının (ÖJİ) sədri Halmurad Salimov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Akif Marifli arasında görüş keçirilib.

Özbəkistan Jurnalistlər İttifaqında keçirilən görüşdə qonaqları salamlayan Halmurad Salimov Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə media sahəsinin inkişafı ilə bağlı görülən işlərdən, kütləvi informasiya vasitələri və jurnalistlərin qarşısında duran mühüm vəzifələrdən, nailiyyət və problemlərdən danışıb. Özbəkistan-Azərbaycan qardaşlıq münasibətləri haqqında danışan H.Salimov Bakıda nəşr olunan və Azərbaycan ziyalıları tərəfindən böyük maraqla qarşılanan "Şavkat Mirziyoyev fenomeni" kitabının Azərbaycanda təqdimatını xatırladıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli səmimi qəbula görə sədrə təşəkkür edərək bildirib ki, iki ölkə liderləri İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi və sıx dostluq münasibətləri sayəsində Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Prezidentlərin qarşılıqlı səfərləri iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinləşməsinə təkan verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin mədəni əlaqələrin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq, bunun iki ölkə arasında ortaq türk irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. 

Görüşdə milli media məkanının inkişaf tendensiyaları kimi mühüm məsələlər müzakirə olunub, AMM və ÖJİ arasında birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə edilib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 







Mədəniyyət