Yaponiyada yaşayan həmyerlimiz Minarə Şükürova ölkəmizi Tanabe şəhərində keçirilən “Lifelong Learning Festival”da (“Ömürboyu Öyrənmə Festivalı”) təmsil edib.
Hər ilin noyabr ayında təşkil olunan bu festivalın məqsədi yerli əhaliyə müxtəlif mədəniyyətləri öyrənmə imkanları təmin etmək və şəhərdə həyata keçirilən təhsil layihələri haqqında vətəndaşları geniş məlumatlandırmaqdır.
Həmyerlimiz festivalda bu il Azərbaycan xalçaları haqqında guşə yaradıb, təqdimat hazırlayıb və yüzdən çox yerli qonağa, əsasən də məktəblilərə müxtəlif bölgələrin xalçaları haqqında geniş məlumat verib.
Azərbaycan guşəsini milli xalçalar və milli atributlarla bəzəyən Minarə Şükürova qonaqlara xalçalarımızın UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmasından və Bakıda fəaliyyət göstərən Milli Xalça Muzeyindən bəhs edib.