Rəşad Məcid: Sözün portreti

post-img

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcidin 60 illik yubileyi ilə əlaqədar “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” kitabı işıq üzü görüb. Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun konfrans zalında kitabın təqdimat mərasimi keçirildi.

Tanınmış ictimaiyyət nümayəndələri, Milli Məclisin üzvləri və mətbuat nümayəndələrinin də iştirak etdiyi tədbirin aparıcısı, gənc yazar Ayşən Rəhim kitab haqqında məlumat verərək bildirdi ki, kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin sədr müavini, AYB Gənclər Şurasının katibi, yazıçı Şahanə Müşfiq və birliyin idarə heyətinin üzvü, yazıçı Şəfa Vəlidir.

“Xan” nəşriyyatının dəstəyilə çap olunmuş kitabda Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsi ilə dolğun məlumatlar yer alıb. Bir insan ziyasının ömürlərə işıq salacağı həqiqətinin anladılması nəşrin əsas qayələrindəndir.

Mərasimdə Xalq şairi Sabir Rüstəmxanlı, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin kafedra müdirləri, professorlar Cahangir Məmmədli və Qulu Məhərrəmli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, deputat, politoloq Elçin Mirzəbəyli, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin eksperti, şair Əkbər Qoşalı, “Hədəf” Şirkətlər qrupunun qurucusu, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və Şahanə Müşfiq çıxış edərək Rəşad Məcid yaradıcılığı və şəxsiyyəti haqqındakı yüksək fikirlərini dilə gətirib, onu yubileyi, müəllifləri isə yeni kitabın nəşri münasibəti ilə təbrik etdilər.

Şair, publisist Rəşad Məcid bu kitabı onun yubileyinə olan gözəl hədiyyə kimi dəyərləndirdi, müəlliflərə, nəşrin çapında əməyi olan hər kəsə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Sonda şair İlqar Türkoğlu Çukurova Ədəbiyyatçılar dərnəyinin təsis etdiyi “Atatürk” medalını, İntiqam Yaşar isə DGTYB-nin yubiley medalını Rəşad Məcidə təqdim etdi.

Bədii qiraətçi Müşfiqə Baləddin Rəşad Məcidin “Çiyələk qadın” şeirini səsləndirdi.

Rizvan FİKRƏTOĞLU
XQ

Mədəniyyət