Daşkənddə “Azərbaycanda Nar Festivalı” adlı tədbir keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin nəzdindəki Türkşünaslıq Ali Məktəbinin Azərbaycanşünaslıq Mərkəzində  “Azərbaycanda Nar Festivalı” adlı tədbir keçirilib. 

Türkşünaslıq Ali Məktəbinin müdiri dosent Məhəmmədcan Aripov tədbiri açaraq qeyd edib ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Bugünkü tədbir də Azərbaycan – Özbəkistan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə zəmin yaradacaq. 

Türkşünaslıq Tədqiqat Mərkəzinin müdiri dosent Cuməli Şabanov bildirib ki, Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu, Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir. 

Tədbirin təşkilatçısı, Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva deyib: “Bugünkü tədbirin nara həsr edilməsi heç də əbəs yerə deyil. Nar Azərbycanda sevildiyi kimi Özbəkistanda da sevilir. Azərbaycanın bölgəsi olan Göyçayda hər il bu vaxtlarda ənənəvi nar festivalı keçirilir. Festivalda həmçinin musiqi nömrələri, müxtəlif müsabiqələr, rəngarəng sərgilər, milli folklorumuzun zəngin nümunələri, Azərbaycan mətbəxi və nar məhsulları nümayiş etdirilir. Biz də məhz bu festivalın ab-havasını Azərbaycanşünaslıq Mərkəzinin auditoriyasında sizə çatdırmağa çalışdıq”. 

Tədbirdə özbək tələbələrinin nar haqqında məlumatları, seirləri maraqla dinlənilib,  üzərində nar şəkilləri olan müxtəlif rəsm əsərləri nümayiş olunub, eləcə də Melissa Mustafayevanın ifasında Azərbaycan rəqsi “Tərəkəmə” alqışlarla qarşılanıb. Tədbir iştirakçıları və qonaqlar Azərbaycan mətbəxinin şahı olan “Şah plov” və milli mətbəximizin narla bağlı dadlı təamlarına qonaq ediliblər. Daşkənddəki “Bakı” restoranının baş aşpazı Zaur Mirzəyev özbək auditoriyasına “Şah plov”un hazırlanması haqqında məlumat verib. Tədbirdə həmçinin müxtəlif müsabiqələr keçirilib, qaliblər təşəkkürnamə və Azərbaycan – özbək dilində lüğətlər, danışıq kitabları və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Tədbir “Özbəkistan 24” kanalında və Özbəkistanın bir neçə saytında işıqlandırılıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

















Mədəniyyət