“Nəsimi” operasının ilk tamaşası

post-img

Dünən Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşaya qoyduğu “Nəsimi” operasının təqdimatı oldu. Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini özündə yaşadan bu əsəri tamaşaçılar böyük maraqla qarşıladılar.

...Səhnədə zınqırovlu dəvələrin hərəkət etdiyi karvan görünür. Nəsimi doğmaları ilə vidalaşıb Təbrizə yollanır. Şairin “Bulmuşam həqqi, ənəlhəq söylərəm, Həq mənəm, həq məndədir, həq söylərəm” fəlsəfəsi, şər qüvvələrlə mübarizə fəryadı, nakam arzuları musiqi ilə müşayiət olunur. Səhnədə Təbrizin səsli-küylü, dolanbac küçələri, bazar ab-havası, şah sarayı, dahi şairin zindan həyatı, həyat və yaradıcılıq yolu, müəllimi Fəzlullah Nəimiyə olan etiqadı, məhəbbəti canlanır. Nəsiminin söz aləmi musiqi ilə vəhdətdə dinləyiciləri məftun edir. Sanki, üsyankar şair əsrlərin dərinliyindən günümüzə qayıdıb. Operanı dinlədikcə zamanın gərdişinə sözün gücü ilə qalib gələn böyük bir şairin taleyini görürük.

Operanın musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsusdur. Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gətirən əsərin məzmununun əsas qayəsi Nəsimi irsini gələcək nəsillərə ötürmək və dünyaya çatdırmaqdır.

Tamaşada İmadəddin Nəsimi obrazını Əməkdar artist Ramil Qasımov canlandırdı. Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüarə) rollarını ifa etdilər. Əsərdə baş verən hadisələri Xalq artisti Nurəddin Mehdixanlı (Zəvvar) səsləndirir.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru – Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssamı isə Rafael Həsənovdur.

Operanın müəllifləri XQ-ya qısa müsahibə verdilər:

Rafael Hüseynov:

– Nəsiminin həyat fəlsəfəsinə, keçdiyi mübarizəli ömür yoluna həsr olunmuş çoxlu elmi əsərlər var. Bununla yanaşı, müəyyən bədii əsərlər də yaranmışdır. Belə əsərlərin çox olması bizim üçün olduqca əhəmiyyətlidir. Çünki bu cür əsərlər Nəsimini xalqa daha yaxın edir. Hələ ötən əsrlərdən Nəsimi irsi bir çox alimlər və yazıçılar tərəfindən araşdırılıb öyrənilir. Lakin onun şeirlərinin mürəkkəb və fəlsəfi dildə yazılması insanlara imkan vermirdi ki, onu daha yaxından tanısınlar. İsa Hüseynovun yazdığı ssenari əsasında Həsən Seyidbəylinin çəkdiyi gözəl film Nəsimini xalqa sanki yenidən qaytardı.

Düşünürəm ki, Səyavuş Kərimi ilə ərsəyə gətirdiyimiz bu opera təkcə Azərbaycanda deyil, Yaxın Orta Şərqdə də Nəsimi dünyasına, fəlsəfəsinə maraq göstərən insanlar üçün də çox maraqlı olacaq. 2019-cu ildə bu əsər üzərində işlər gedirdi. Əsərin ideya müəllifi dəyərli opera ifaçısı Ramil Qasımovdur. Bir gün o, məndən xahiş etdi ki, Nəsimi operası yaradaq və sözlərini də mən yazım. 15-20 dəqiqəlik kompozisiya olsun və ifa etsin.

Onun sözünü yerə salmayıb librettonu yazdım. Səyavuş Kərimi isə musiqini yazmağa başladı. Sonra Ramil məndən xahiş etdi ki, səhnədə tək oxumayım. Bir xanım da mənimlə duet oxusun. Beləliklə, Nəsiminin sevdiyi qızın surətini də bura əlavə etdik. Lakin tale elə gətirdi ki, biz bu operanı Nəsimi ilində təhvil verə bilmədik. Bu operanın hər bir parçasını müzakirə etmişik. Dinləmişik. Düşünürəm ki, Azərbaycan operasının tarixində dəyərli hadisə kimi qalacaq.

Səyavuş Kərimi:

– Bu gün Rafael Hüseynovun librettosuna yazdığım operanın ilk tamaşasına yığışmışıq. Çox həyacanlıyam. Böyük mütəfəkkir Nəsiminin həyatnda baş vermiş hadisələri, bütün həyatını bir əsərə sığışdırmaq mümkün deyil. Çalışmışıq ki, Nəsiminin həyat və yaradıcılıq yoluna az da olsa, işıq sala bilək. Operanı çox istedadlı musiqiçilər ifa edirlər. Əsas rolu canlandıran ifaçı isə çox istedadlı gənc Ramil Qasımovdur. Arzu edirəm ki, bu operanın ömrü uzun olsun.

Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto)
XQ



Mədəniyyət