Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il 16 şəhərdə təşkil edilən Mədəniyyət Yolu Festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin mədəni irsini və gəzib-görməli yerlərini tanıtmaq məqsədilə keçirilən və ümumilikdə yeddi ay davam edən festivala son olaraq Türkiyənin ən böyük turistik şəhəri Antalya ev sahibliyi edib.
Antalyada doqquz gün ərzində festivalın proqramında bütün yaş qruplarına uyğun konsertlər, tamaşalar, sərgilər, əyləncələr, sənət görüşləri – 77 fərqli məkanda gerçəkləşən ümumilikdə 285 tədbir yer alıb.
Antalyanın Konyaaltı çimərlik parkında qurulan əsas səhnədə xalq musiqisindən operaya, populyar musiqidən teatra qədər təqdimatlar olub, məşhur ifaçıların konsertləri keçirilib. Bundan əlavə, uşaqlar üçün əyləncəli tədbirlər məkanı – “Uşaq kəndi” fəaliyyət göstərib. Dünyanın ən böyük rəqs qruplarından olan “Anadolu atəşi”nin Aspendos Antik Teatrında yerli və xarici turistlər qarşısında heyranedici çıxışı da festival proqramına rəng qatıb.
Qeyd edək ki, bu il dördüncü dəfə təşkil edilən Türkiyə Mədəniyyət Yolu Festivalının əsası 2021-ci ildə qoyulub. İllər ötdükcə festivalın coğrafiyası da genişlənir.