Milli Kitabxanada “12 Noyabr - Konstitusiya Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Konstitusiya Günü haqqında rəsmi sənəd, Azərbaycan Respublikasının Konstitusiyası, fotolar, məqalələr, Azərbaycan və xarici dillərində kitablar nümayiş olunur.
Virtual sərgi ilə linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə isə Konstitusiya hüququ, tarixi, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Ulu Öndərin şah əsəri hesab edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendum əsasında qəbul edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan olunub. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendum yolu əlavə və dəyişikliklər edilib.