Azərbaycan və Özbəkistan həmkarlar ittifaqlarının rəhbərləri arasında görüş olub

post-img

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Özbəkistanda səfərdədir.  

Konfederasiya sədri noyabrın 11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki Heydər Əliyev parkında və paytaxtdakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Liderinin abidələrini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anaraq abidələrin önünə gül dəstələri qoyub.

Sonra Sahib Məmmədov Özbəkistan Həmkarlar İttifaqları Federasiyasında qurumun sədri Qudratulla Rafiqovla görüşüb.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərindən, dövlətlərimizin bir çox sahə üzrə genişlənən əməkdaşlığından, ölkə başçıları səviyyəsində baş tutan qarşılıqlı səfərlərdən və bunun əhəmiyyətli nəticələrindən, həmçinin həmkarlar ittifaqları səviyyəsində əlaqələrdən bəhs olunub.

Qudratulla Rafiqov dəvəti qəbul edib Özbəkistan Həmkarlar İttifaqı Günü ilə əlaqədar təşkil olunan tədbirlərə qatıldığı üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədova təşəkkürünü bildirib və rəhbəri olduğu Federasiyanın tarixindən, keçdiyi inkişaf yolundan, funksiyalarından, işçilərin əmək hüquqlarının qorunması istiqamətində atdığı addımlardan danışıb.

O həmçinin Azərbaycan və Özbəkistan həmkarlar itttifaqları arasında münasibətlərə də nəzər salıb, qarşılıqlı səfərlərin, imzalanan sənədlərin önəmindən söz açıb. Bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyası arasında ötən ilin sentyabrında imzalanan əməkdaşlıq haqqında Memorandum əvvəllər imzalanmış sənədlərin davamı olaraq iki qurum arasında əlaqələri daha da genişləndirir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qardaş ölkəyə səfərindən, özbəkistanlı həmkarları üçün əlamətdar gündə onlarla birlikdə olmaqdan mənunluğunu bildirib.

Qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin birgə səyləri sayəsində ölkələrimiz arasında əlaqələr dinamik olaraq inkişaf edir, bu, həmkarlar ittifaqları arasında əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərir. Onun sözlərinə görə, mövzusundan asılı olmayaraq, istənilən məsələdə hər iki təşkilat bir-birinə dəstək olur, eyni zamanda həmkarlar ittifaqlarının yubiley tədbirlərində, qurultaylarında nümayəndə heyətləri iştirak edir.

Sahə həmkarlar ittifaqları arasında da əməkdaşlığın qurulmasının və inkişaf etdirilməsinin vacibliyinə də toxunan Konfederasiya sədri artıq indiyə kimi bu istiqamətdə atılan addımları xatırladıb. O, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılmasını tarixi hadisə adlandırıb və bu çərçivədə də əməkdaşlığın önəmini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, əlaqələrin gələcək inkişafına dair təkliflər səslənib.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd









Mədəniyyət