Zəfər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə çap edilən mərhum jurnalist-tədqiqatçı Mövlan Şükürzadənin Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr etdiyi “Vətən üçün can fəda edən qəhrəmanlar” kitabının təqdimatı keçirilib.
Daşkənd İqtisadiyyat və Pedaqogika İnstitutunda baş tutan təqdimat mərasimində ali təhsil ocağının rektoru, professor Şakarboy Caniqulov Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalı altında qaldığını bildirib. Rektor bu ərazilərdə ermənilərin genişmiqyaslı vandalizm siyasətindənsöz açıb, Qarabağda tarixi abidələrimizin, məscidlərimizin tamamilə dağıdıldığını və iki məsciddə donuz saxlanıldığını xüsusi vurğulayıb. Hələ yüz il bundan qabaq ermənilər tərəfindən Özbəkistanın Fərqanə, Mərgilan, Kokand və digər şəhərlərində özbək xalqına qarşı daşnakların törətdiyi vəhşiliklərdən, cinayətlərdən söz açıb.
AMM direktorunun müavini Nadir Əlimirzəyev Qarabağ Vətən müharibəsi dövründə Özbəkistan dövləti və xalqının həmişə yanımızda olduğunu, Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini xatırladıb. Noyabrın 8-də Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunması tarixinin Azərbaycan xalqı tərəfindən Qələbə Günü kimi qeyd edildiyini bildirən N.Əlimirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən bu tarixin Zəfər Günü kimi qeyd olunduğunu vurğulayıb. Bu gün işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq işlərinin aparıldığını deyən natiq məcburi köçkünlərin öz doğma yurdlarına qayıtdığını və bu quruculuq işlərində Özbəkistan dövlətinin də rolunun olduğunu deyib.
Professor Marufcan Yoldaşov Mədəniyyət Mərkəzi tərəfindən nəşr edilən bu kitabın gənc nəsin qəhrəmanlıq ruhunda yetişməsi baxımından əhəmiyyətli olduğunu söyləyib.
Filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iki ölkə arasında mədəni-ədəbi əlaqələrdən söz açaraq bu sahədə AMM-nin fəaliyyətindən, mərkəzin çap etdiyi kitablardan danışıb.
Tarixçi alim, dosent Asror Qayumov, hərbiçi, polkovnik Noryigit Dusanov ermənilərin türk xalqlarına qarşı tarixi düşmənçiliyindən söz açaraq bu xalqlar içində azərbaycanlılarla yanaşı özbəklərin də ermənilər tərəfindən soyqırımlara, qətliamlara məruz qaldıqlarını xatırladıb.
Sonda İskəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən sənədli film təqdim edilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd