Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dilini tədis edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva Özbəkistanın Milli televiziya kanalında “Danışmasaq olmaz” verilişinin qonağı olub, verilişdə “Ölkələrarası əlaqələrin inkişafında mədəniyyətin rolu” mövzusu müzakirə edilib. Mətanət Xudiyeva Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişafından söhbət açıb, qeyd edib ki, Özbəkistanın böyük tarixə malik zəngin mədəniyyəti var. Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Türk xalqları içərisində özünəməxsusluğu ilə seçilən özbəklərin könül oxşayan xalq mahnıları, təsviri sənəti, zəngin mətbəxi, milli geyimlərrri ilə seçilir.
M.Xudiyeva müsahibəsində deyib:”Bu gün ölkələrimiz arasında münasibətlər Azərbaycanın və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin müdrik siyasəti və şəxsi dostluğu sayəsində strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Yüksək səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq layihələrdə iştirak, bədii kollektivlərin qastrolları dərin mədəni əməkdaşlığın göstəricisidir. Özbəkistanda və Azərbaycanda qarşılıqlı olaraq keçirilən mədəniyyət günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında yeni səhifədir”.
O deyib ki, Özbəkistanda və Azərbaycanda müntəzəm olaraq xalqlarımızın ədəbiyyatı, mədəniyyəti və elmi ilə bağlı müxtəlif tədbirlər keçirilir və bu görüşlər bizi daha da yaxınlaşdırır.Milli mədəniyyət, incəsənət və ənənələrin inkişafı və populyarlaşması bir sıra böyük festivalların keçirilməsinə də imkan yaradır. Ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərlə davam edən ədəbiyyat və sənət mübadiləsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd