“Qərbi Azərbaycan Şirin İnciləri” kitabı təqdim olundu

post-img

Oktyabrın 17-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində  Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən ərsəyə gəlmiş “Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı baş tutub. Tədbirdə Q. Vəliyev adına Lənkaran şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Habil Əliyev, Lənkəran Dövlət Peşə Mərkəzinin direktoru Afər Kərimova, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Universitetinin (LDU) tədris işləri üzrə prorektoru Zaur Məmmədov, LDU-nun Texnologiya kafedrasının müdiri Rəşad Əliyev, LDU-nun tarix kafedrasının  müdiri Kamal Mahmudova və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncova və başqaları iştirak ediblər. Tədbirdə, həmçinin qonaqlara və iştirakçılara kitablar paylanılıb. 

Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən yazılmış “Qərbi Azərbaycanın Şirin İnciləri” kitabı Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. 

Kitabın ön sözü Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyevaya məxsusdur.

Kitab iki dildə - Azərbaycan və İngilis dillərində təqdim olunur və 220 səhifədən ibarətdir.

Kitabda Qərbi Azərbaycan mətbəxinin dadlı təamları olan sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, yerli paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı şirniyyatların rəsmləri yer alır. 

Burada, həmçinin unlu və qənnadı məmulatlarından meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. 

Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır.

Qeyd edək ki, kitab “Nero” nəşriyyatında AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin  02. 07. 2024 tarıxli 6/7 saylı qərarı ilə nəşr olunub.

 



Mədəniyyət