Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu”keçirilib.
Forumdan öncə iştirakçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə universitetdə yaradılan Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi ilə tanış olublar.
Universitetin böyük salonunda keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səslənib, Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin prorektoru, professor Nozlia Nurmuradova qonaqları salamlayaraq beynəlxalq forumun Azərbaycan-Özbəkistan qardaşlığını daha da möhkəmlənidirilməsinə töhfə verəcəyini, belə bir mötəbər tədbirə ev sahibliyi etdikləri üçün məmnun olduğunu bildirib.
AMM direktorunun müavini Nadir Əlimirzəyev bildirib ki, iqlim problemləri ilə bağlı belə bir forumun məhz Özbəkistanda keçirilməsi böyük önəm daşıyır.
Layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərində işğalçı dövlət tərəfindən ekoloji terror həyata keçirildiyini diqqətə çatdırıb.
Layihəni gerçəkləşdirmə məqsədlərindən danışan Aqil Ələsgər 2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb. O bildirib ki, “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu”nun keçirilməsində əsas məqsədlərdən biri də COP29-a hazırlıqdır.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev, Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva, Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov və Özbəkistan Gənclər İşləri Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhfuzə Artıkova çıxış edərək Azərbaycan və Özbəkistanın iqlim siyasətindən bəhs ediblər.
Azərbaycanda keçiriləcək COP-29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə əmin olduqlarını bildiriblər.
Daha sonra COP29 ilə bağlı qısa videoçarx nümayiş olunub.
Universsitetin kafedra müdiri professor Nurbay Cabbarovun moderatorluğu ilə keçirilən “Özbəkistan-Azərbaycan: İqlim üçün birləşək” panelində Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Özbəkistan Gənclərin İşləri Agentliyinin Ekoloji Diplomatiya Departamentinin sədri Elyar Narpolatov, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əlaqələndiricisi Famil Məmmədov forumdan irəli gələn mövzuları müzakirə ediblər.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd