Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin bu həftədəki proqramı görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirova həsr olunub.
AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycan mədəniyyətinin parlaq simalarından olan professor, dirijor və tanınmış ictimai xadim Cahangir Cahangirovun həyat və yaradıcılığından bəhs edilib. Proqramda bəstəkarın "Ay qız", "Necə əl çəkim", "Bana, bana gəl", "Füzuli kontatası" və "Yallı" kimi əsərləri səslənib.
Proqramın müəllifi və aparıcısı, İstanbul Universitetinin doktorantı, həmvətənimiz Səidə Ömər verilişin ərsəyə gəlməsi üçün bəstəkarın qızı Səidə Məhərrəmovaya təşəkkürünü ifadə edərək bildirib ki, “Azərbaycan rüzgarı”nın əsas hədəflərindən biri qardaş ölkə Türkiyədə milli mədəniyyətimizi, xüsusilə musiqimizi doğru təbliğ etməkdir.
“Türkiyədə Cahangir Cahangirovun bəstələri ifa edilir, lakin əfsuslar olsun ki, çox vaxt bəstəkarın adı bildirilmir. Bu da təbii ki, bizi çox narahat edir”, - deyə Səidə Ömər vurğulayıb.