Babək Qurbanov – 85
Türkiyənin “İKSAD Yayın Evi” uzun illər Türkiyədə çalışmış Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndəsi – filosof, bəstəkar, musiqi estetikası üzrə fəlsəfə elmləri doktoru, Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanova (Osmanoğlu) həsr olunan “Babək Qurbanov – 85” yubiley kitabını nəşr edib.
Türkiyənin Qaziantep Universitetinin professoru İlqar Cəmiloğlu və Əli İmamverdinin qələmə aldıqları, XI fəsildən ibarət olan kitabda tanınmış elm xadiminin həyat və fəaliyyəti, yaradıcılığı geniş işıqlandırılıb və Türk dünyasının ünlü elm və sənət xadimlərinin müxtəlif illərdə yazdıqları məqalələr yer alıb. Babək
Osmanoğlunun 25 il ərzində çalışdığı Ərzurum Atatürk Universiteti və Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında məhsuldar fəaliyyəti, onun bir insan, etibarlı dost, əsl alim, vətəndaş, peşəkar pedaqoq, ensiklopedik bilgiyə sahib elm xadimi kimi şəxsiyyətinin ətraflı təqdimatına imkan yaradır.
Kitaba Babək Qurbanovun müxtəlif elm sahələri üzrə (fəlsəfə, estetika, musiqişünaslıq, ifaçılıq, muğam sənəti, aşıq yaradıcılığı, folklor, siyasət və s.) fərqli mövzuları əhatə edən 76 elmi məqaləsi ilə yanaşı, aspirantlarına verdiyi elmi rəylər də daxil edilmişdir. Azərbaycanın xalq şairi Osman Sarıvəllinin ailəsində böyüyən alimin 13 şeiri, Babək müəllimin fotoqraf dostu Ayhan Kılıncın müxtəlif illərin xatirəsini əks etdirən 560-dan çox foto da kitabda yer alır.
Babək Qurbanov 700 məqalənin, 53 elmi kitabın müəllifi və 30-dan çox aspirantın elmi rəhbəri olmuşdur. Onun bu günə kimi yayınlanmamış 5 bəstəsi (“Mustafa bəy”, “Qocalma gözəl”, “Məni anla”, “Dünyanın tacı”, “Dedin”) də ilk dəfə olaraq bu kitabda təqdim edilir.
Yubileyi münasibəti ilə yayınlanan “Babək Qurbanov–85” adlı kitab musiqişünaslar, filosoflar və professor Babək Qurbanovun yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
XQ