“Adım Ələsgərdir, Göyçə mahalım”

post-img

Ünlü ozanın heykəli önündə düşüncələr

Sentyabrın 30-da Prezident İlham Əliyevin Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirakı dövlət səviyyəsində milli mədəniyyətə qayğının, ölməz sənətkarın xatirəsinə ehtiramın daha bir təzahürü olub. Mərasimdə ölkə rəhbərinin parlaq nitqi həm bu baxımdan, həm də görkəmli aşığın Göyçə mahalının Ağkilsə kəndindəki abidəsini dağıtmış erməni vandallarına cavab baxımından hər kəsin ürəyindən xəbər verib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Rafiq Sadıxovun “İncəsənətlə bağlı düşüncələr” silsiləsindən Aşıq Ələsgərin abidəsi haqqında qeydlərini təqdim edirik:

“Bu günlərdə uğurlu bir məkanda – paytaxtımızın estetik təsirə malik olan gözəl guşələrinin birində ucaldılan Aşıq Ələsgər abidəsi əsl ziyarət ünvanına çevrilib. Tanınmış heykəltəraş, professor Natiq Əliyev bu bədii-harmonik kompozisiyanı zəngin təxəyyül, fəlsəfi estetik düşüncə, sənətkarın mənəvi aləminə nüfuzetmə bacarığı ilə yaradıb.

Müəllif bu abidədə Aşıq Ələsgərin sevimli sazını çiyni üstünə qaldırmaqla, sanki, onun sənətsevərlərə söyləmək istədiklərini çatdırmağa cəhd edir: “Baxın, bu mənim sehrli alətim, qəlbimin açarı, misralarımın sazın simlərindəki fəryadı, barmaqlarda yaranan sevgi ahənginin dadıdır”. Hər halda, mən abidəyə baxanda Aşıq Ələsgərin səsini eşidə bildim. Obrazın təsvir qamətində nikbin aşıq pozasını, miniatür rəqs elementini də görə bildim. Bu zaman Aşıq Ələsgərin bu bəndi yadıma düşdü.

Bir sazım var yox pərdəsi, yox simi,
Onu çalıb kim tərpədər nəsimi?
Firdovsi, Füzuli , Hafiz, Nəsimi
Onlar da yazdığı ayə məndədir.

Buradaca qeyd edək ki, heykəltəraş Natiq Əliyevin yaratdığı obrazların səciyyəvi cəhətlərindən biri üzün, sifətin, düşüncənin aydın duyulmasıdır. Onun abidələrində cansız daşlar canlanır, adamı düşünməyə vadar edir.

Aşıq Ələsgər abidəsində mən belə bir səssiz və sözsüz dialoqun şahidi oldum:

– Mən gələndə dünya üzünə,
Evdə saz adlanan qüdrət görmüşəm.
Baxıb çeşmələrin qaynar gözünə,
Könlümdə varlığa heyrət görmüşəm.

– Atamı saz çalan, şeir oxuyan,
Anamı bayatı deyən görmüşəm.
Belə bir ocaqda pərvazlanan səs
Müqəddəs sənətə yad ola bilməz…

Əminik ki, Aşıq Ələsgər abidəsi şəhərəmizi bəzəyən sənət inciləri içərisində öz layiqli yerini tutacaq. Sənətə və sənətkarlara qədirşünaslıq nümunəsi kimi saz və söz ocağına çevriləcək. Arzumuz budur ki, yaxın gələcəkdə Göyçə mahalında ucaldılacaq Aşıq Ələsgər kompleksinin yaradılması da heykəltəraş, professor Natiq Əliyevə və memar Malik Babayevə qismət olsun.

İnanırıq ki, həmin günlər heç də uzaqda deyil…”

XQ

Mədəniyyət