Azərbaycan Türkiyənin Bilkənt Universitetində keçirilən I Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Bilkent Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi festivalda ölkəmizlə yanaşı, İndoneziya, Yaponiya, Norveç, İspaniya, İran, Konqo və dilgər ölkələrin Türkiyədəki diplomatik nümayəndəlikləri ilə mədəniyyət mərkəzləri milli mədəniyyətlərinin təbliğinə dair stendlər təşkil ediblər.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dövlət rəmzlərimiz, milli mədəniyyətimizə dair suvenirlərimiz, musiqi alətlərimiz, xalçalarımız, kəlağayılarımız, habelə Azərbaycanın dövlətçiliyi, tarixi və nailiyyətlərinə dair nəşrlərdən ibarət stend hazırlayaraq qonaqlara təqdim edib.
Stend böyük maraqla qarşılanıb.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin rəqs ansamblları və musiqi qrupları çıxış ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs znsamblı isə milli rəqslərimizi ifa edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara