Əməkdar rəssam Rza Avşarın yaradıcılıq sərgisi açılıb

post-img

Oktyabr ayının 4-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda bu günlərdə 75 yaşı tamam olan Əməkdar rəssam Rza Avşarın sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi açılıb.

“Payız rəngləri” adlı yubiley sərgisinin açılış mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri Bayram Yusifov və professor Vahid Novruzov, habelə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər və incəsənət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində qonaqları salamlayan Fərhad Xəlilov sərginin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, Rza Avşarın rəsm əsərlərini yüksək qiymətləndirərək qeyd edib ki, rəssamın yaratdığı əsərlərdə həyat realizminin qaynaqlarının bədii məcmusu aydın nəzərə çarpır. Fərhad Xəlilov, həmçinin, Əməkdar rəssamın həyat yoldaşı İradə Avşarovanın da tanınmış rəssam olduğunu və onların birgə çalışaraq gözəl sənət əsərləri yaratdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.ə

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Rza Avşarın Vətənimizin təbiətini və insanlarını vəsf edən tablolarından söz açıb. Əməkdar rəssamın İcmaya hədiyyə etdiyi Rəvanqulu xanın portretini xatırladaraq vurğulayıb ki, Qərbi Azərbaycan əsilli rəssamların, habelə Rza Avşarın yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir. 

Mərasimdə çıxış edən Prezident Administrasiyasının şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev Rza Avşarın Azərbaycanın Xalq artisti, istedadlı, tanınmış teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açdığını bildirərək əlavə edib ki, Avşarlar ailəsinin xəmiri mədəniyyətdən yoğrulub. O, Əməkdar rəssamın kamil bir sənətkar olaraq öz əsərlərində incəsənətimizin zəngin ənənələrini təcəssüm etdirdiyini vurğulayıb.

Bildirib ki, Rza Avşarın yaratdığı mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz sevinc və nikbinlik duyğularını ifadə edir, yüksək zövq və böyük sənətkarlıqla çəkdiyi portretlərdə isə görkəmli şəxsiyyətlərimizin xarakterini rənglərin dili ilə məharətlə nümayiş etdirir. Ədalət Vəliyev gələcək fəaliyyətində rəssama uğurlar arzulayıb.

Tədbirdə çıxış edən digər natiqlər də qeyd ediblər ki, Rza Avşar fəaliyyət göstərdiyi illər ərzində boyakarlıq janrında özünəməxsus üslubda çox gözəl əsərlər yaradıb. Bütün janrlarda fırçasını sınayan rəssam hər bir əsərini kövrək, həssas qəlbinin hökmü ilə yaradaraq tamaşaçıya təqdim edir. Onun natürmort və mənzərə janrında olan əsərlərində özünəməxsusluq aydın nəzərə çarpır.

Mərasimdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri Bayram Yusifov və professor Vahid Novruzov da Əməkdar rəssam Rza Avşarı Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edərək, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar. Qeyd edək ki, Rza Avşar həm də Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rza Avşar onun ünvanına deyilən xoş sözlərə görə hər kəsə, o cümlədən sərginin təşkilatçılarına, tədbir iştirakçılarına minnətdarlığını bildirib və keçirilən bu sərginin onun 60 illik sənət yolunu əks etdirdiyini vurğulayıb.

Açılışdan sonra sənətsevərlər rəssamın yaradıcılığını əks etdirən, əsasən, natürmort, portret və mənzərələrdən ibarət sənət əsərləri ilə yaxından tanış olublar.

Oktyabr ayının 9-na qədər Bakıda davam edəcək sərgi növbəti günlərdə rəssamın doğulduğu Gəncə şəhərində də keçiriləcəkdir.

Qeyd edək ki, Rza Avşar Muxtar oğlu 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində dünyaya gəlib. O 1914-cü ildə İrəvanda doğulmuş Xalq artisti, görkəmli aktyor Muxtar Avşarovun oğludur. Əzim Əzimzadə adına rəssamlıq məktəbinin məzunu olan Rza Avşarın 1974-cü ildən etibarən gənc rəssam kimi SSRİ miqyasında sərgiləri keçirilməyə başlayıb. O 1981-ci ildən SSRİ çərçivəsində Rəssamlar İttifaqının üzvü olub və bu günə qədər dünyanın müxtəlif ölkələrində əsərləri nümyiş olunur. Rza Avşar 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb, çəkdiyi əsərlər bu gün də ölkəmizin Fransada və Rusiyadakı səfirliklərində sərgilənir.

















Mədəniyyət