İtaliyalı fotoqraf Ağdamla bağlı kitabını AZƏRTAC-a hədiyyə edib

post-img

X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendini ziyarət edən italiyalı ekspert, fotoqraf Fabrisio Konti müəllifi olduğu “Agdam Delenda est” kitabını AZƏRTAC-a hədiyyə edib.

Kitabda əsasən Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin təsvirlərindən ibarət fotolar əksini tapıb. İşğal dövründə dağıdılmış abidələrimizin, mədəniyyət ocaqlarımızın dünya ictimaiyyətinə tanıdılması baxımından bu nəşr olduqca böyük əhəmiyyət daşıyır.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Fabrisio Konti 4 il əvvəl Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qarabağı görmək, həmin torpaqların yenidən qurulmasının şahidi olmaq üçün kitab yazmağa başladığını bildirib.

"Qarabağ torpaqlarında mənzərə inanılmaz idi, hər şey dağıdılmışdı, şəhər tamamilə məhv olmuşdu. Bütün xarabalıqların hündürlüyü iki metrdən çox deyildi. Dörd il əvvəl Ağdamda, Cəbrayılda, Kəlbəcərdə, Füzulidə, Qubadlıda və Şuşada olmuşam. Qarabağda ümumilikdə 200 gündən çox qaldım. Bu inanılmaz hekayəni yazmaq, həmin ərazilərdə yenidənqurma işləri ilə yaxından tanış olmaq mənim üçün olduqca əhəmiyyətli idi", - deyə F.Konti diqqətə bildirib.

Qarabağ insanlarını özünə doğma bildiyini deyən italiyalı fotoqraf qeyd edib ki, bəzən onlarla rastlaşır, danışır və onlarla birlikdə ağlayır.

Sonda qonağa AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.





Mədəniyyət