“OneRepublic” ilk dəfə Bakıda çıxış edəcək

post-img

2007-ci il noyabrın 11-də ABŞ-da üçqat platin mükafatı qazanan və Böyük Britaniyanın hit-paradlarında üçüncü yerə yüksələn “Apologize” sinqlı ilə şöhrət qazanan Amerikanın “OneRepublic” pop-rok qrupu ilk dəfə Azərbaycanda çıxış edəcək.

“The Artificial Paradise” dünya konsert turu çərçivəsində baş tutacaq konsert 2025-ci il fevralın 21-də “Crystal Hall”un səhnəsində olacaq. Biletlər oktyabrın 4-dən satışa çıxarılacaq. Konsertin tərəfdaşları qismində “iticket.az”, “iTicket Production” və “DREAM Events” çıxış edirlər.

“OneRepublic” mahnı müəllifi və aparıcı vokalçı Rayan Tedder, gitaraçılar Zak Filkins və Dryu Braun, klaviatura ifaçısı Brayan Villett, basçı və violonçel ifaçısı Brent Kutzl və zərb alətləri ifaçısı Eddi Fişerdən ibarətdir.

Qrup 2007-ci ildə "Dreaming Out Loud" adlı debüt studiya albomunu buraxıb. ABŞ-da radio yayımı rekordları qıran GRAMMY mükafatına namizəd olmuş “Apologize” sinqlı da bu alboma daxil idi. Qrupun 2009-cu ildə çıxan ikinci albomu - “Waking Up” dünyaya “All the Right Moves”, “Secrets” və “Good Life” hitlərini bəxş edib. “Native”in 2013-cü il platin albomuna “Counting Stars” hiti daxil idi. Daha üç ildən sonra dördüncü albom – “Oh My My” işıq üzü gördü və 2021-ci ildə “Someday”, “Run”, “Somebody To Love”, “Wanted”, “Didn't I”, “Better Days” və “Rescue Me” kimi musiqiləri ehtiva edən “Human” albomu çıxdı.

“OneRepublic” İtaliyanın “Meduza” qrupu və alman müğənni Leoni ilə əməkdaşlıq edərək, UEFA Avro 2024-ün “Fire” rəsmi mahnısını yaradıb. Qrup, həmçinin bu yaxınlarda “Hurt” adlı yeni sinqlı buraxıb: onu “Artificial Paradise” albomunda dinləmək olar.

Biletləri “iticket.az” saytından və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.

Mədəniyyət