“Füyuzat” nəşriyyatında tənqidçi, ədəbiyyatşünas Mehman Qaraxanoğlunun “Kamal Abdulla: yaradıcılıq stixiyası” adlı kitabı işıq üzü görüb. Yeni nəşrdə yorulmaz tədqiqatçı, akademik, “Şərəf” ordenli Xalq yazıçısı Kamal Abdullanın ədəbi-filoloji fəaliyyət dairəsinə dair təhlillər və esselər toplanıb.
“Müxtəlifliyin harmoniyası”, “Kamal Abdulla hekayələrinin meditasiyası: Özünü oxu, özünü şərh et!” və “Görükməz təpələr: romanlar” kimi fəsillərdən ibarət olan kitabda müəllif Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin yaradıcılığı ilə bağlı hermenevtik (təfsiri) üsul və fəlsəfi, hissi-analitik yanaşmalarla özünəməxsus təhlillər apararaq, onun əsərlərindəki mürəkkəb məna qatlarını, dərin estetik dəyərləri diqqət mərkəzinə gətirir. Bu yanaşmalar Xalq yazıçısının milli söz sənətinə verdiyi töhfələrinin sanbalını aydınlığı ilə göstərir. Təhlillərdə hər bir bədii mətnə fərqli rakursdan baxılır və bu da Kamal Abdullanın söz dünyasını daha aydın dərk etmək imkanı yaradır.
“Elm Kamal müəllim üçün sınırları məlum olmayan nəhəng bir yaradıcılıq növü, qeyri-səlis məntiqlə, vird, vəcd və sonsuz metamorfozlarla iç-içə olan bütöv bir Kosmosdur” – deyən Mehman Qaraxanoğlu diqqəti görkəmli alimin mifoloji mətnlərinə, Dədə Qorqud sevgisinə yönəltməklə yazılanların daha da cəlbedici olmasını təmin edə bilib. Müəllif daha sonra göstərib ki, ümumiyyətlə, qeyri-səlis məntiq nəzəriyyəsi bütün elm və incəsənət sahələrində son nöqtənin olmadığını iddia edir. “Zənnimizcə, Kamal Abdullanın “Dədə Qorqud”dan heç cür qopa və ona son nöqtəsini qoya bilməməsinin başlıca səbəblərindən biri də budur”. Əlavə edək ki, hələ 25 il öncə dastanın tədqiqinə görə Əməkdar elm xadimi fəxri adına, daha sonra (2021) Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülməsi də alimin ümumtürk ədəbiyyatının möhtəşəm yazılı eposunu çeşidli yönlərdən daha geniş araşdırmasını ondan ötrü bir vəfa borcu edib.
Müasir ədəbi prosesi izləyənlər təsdiqləyərlər ki, Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehirbazlar dərəsi”, “Unutmağa kimsə yox...”, “Sirlərin sərgüzəşti”, “Laokoon… Laokoon” romanları, “Tarixsiz gündəlik” povesti, sanballı “Gizli “Dədə Qorqud”, “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı”, “Beyrəyin taleyi” və “Casus” pyesləri, “Nar çiçəkləri” adlı şeir kitabları, “300 azərbaycanlı” toplusu və sair nəşrləri ilə yanaşı, son illərdə “Düma ilə Coys arasında” adlı ədəbi-tənqidi esselər (2016), “Edam vaxtını dəyişmək olmaz” adlı hekayələr (2017) kitabı, 7 cildlik “Seçilmiş əsərləri” onun necə dərin düşüncəli və məhsuldar qələm sahibi olduğuna dəlalət edir. Kamal Abdullanı ədəbi kuluarlarda Azərbaycan ədəbiyyatının Umberto Ekosu da adlandırırlar. Amma italyan yazıçıdan fərqli olaraq, o, tapdığı adi bir əlyazmaya göstərdiyi marağı qələmə aldığı gözəl romanla oxucusunun da maraq orbitinə keçirə bilib. Üstəlik, dilçi alim kimi danılmaz xidmətləri var, postmodernizmi Azərbaycan ədəbiyyatının ana xətlərindən birinə çevirməyi bacarıb, “Dədə Qorqud”la bağlı semantik sayrışmaları – mifolinqvistikası isə, düşünürük ki, uzun müddət öz yerində sayan mövzuların dəyişdirilməsi, onların yeni istiqamətə yönəlməsi ilə maraqlıdır.
Təsadüfi deyil ki, çoxsaylı müəlliflər – görkəmli alimlər, yazıçılar, tələbələri Kamal Abdulladan bəhs edən monoqrafiyalar, məqalələr, esselər yazmağa sonsuz həvəs göstərirlər. Akademik İsa Həbibbəylinin, Asif Hacılının, Rüstəm Kamalın, Mehman Musaoğlunun, Elçin Səlcuqun, Lyudmila Bejenarunun, Salidə Şərifovanın, Jalə Qəribovanın, Nargis İsmayılovanın çalışmaları buna misal ola bilər. Bir neçə ay öncə isə Türkiyədə Kamal Abdullanın yaradıcılığından bəhs edən “Psixoanalitik, arxetipik və postmodern baxışlar çərçivəsində Kamal Abdullanın romanları” adlı yeni kitab işıq üzü görüb. Mehman Qaraxanoğlunun “Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabının da bu siyahıda layiqli yerini tutacağına əminik.
Yeni nəşr müəllifin Kamal Abdulla irsinə dərindən bələdliyini göstərir. Xatırlayırıq ki, Mehman Qaraxanoğlunun Kamal Abdullanın 70 yaşına ərməğan etdiyi “Allah, sənin yuxunuq biz” adlı qeydləri də diqqət çəkmişdi. Yazmışdı ki, Kamal Abdulla “Sirr içində sirr” konsepsiyasını bir azərbaycanlı olaraq məhz milli, etnomifoloji, mifolinqvistik uçuş zolağından dünya elmi, bədii və fəlsəfi mühitinə doğru istiqamətləndirən mütəfəkkirdir. O, ictimai-siyasi fəaliyyətində olduğu kimi, yaradıcılığında da multikulturaldır; müxtəliflikləri özünün kəşf etdiyi ortaq bir sehrli nöqtədə birləşdirə bilir...
Oxuculara təqdim olunan yeni kitabın elmi redaktoru akademik Muxtar İmanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubovadır. Nəşrin rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Ağahüseyn Şükürov və Adil Həsənoğludur.
Əli NƏCƏFXANLI
XQ