Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı paytaxtla yanaşı, bir sıra bölgələrdə də maraqlı tədbir və konsertlərlə davam edir.
Nazirlikdən bildirilib ki, Şəmkir Alman Lüteran Kilsəsinin səhnəsində festival çərçivəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupunun (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev) konserti keçirilib.
Xormeyster, Azərbaycanın Əməkdar artisti Naala Baratelianın rəhbərliyi, konsertmeysterlər Lalə Bağırzadə və Fərdin İlham Məhəmmədzadə, Əməkdar artist Xəyyam Məmmədov (kamança), Emin Eminli (tar), Cəfər Həsənovun (nağara) müşayiəti ilə solistlər Orxan Əlizadə, Səbinə Əlizadə, Zəminə Ağayeva və Şahnaz Əliyeva öz ifalarını təqdim ediblər.
Proqramda Cahangir Cahangirovun “Əzmə tağları”, “Cənnətim Qarabağ”, “Durnalar” (xor üçün işləyəni Aidə Hüseynova), Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamının xor üçün işlənməsi (Vaxtanq İmanov), “Mən səni araram”, Tofiq Quliyevin “Lirik mahnı”, “Tez gəl”, “İlk bahar” əsərləri ifa olunub.
Musiqi axşamında, həmçinin Azərbaycan xalq mahnılarına da yer verilib. “Laçın”, “Qalanın dibində bir quş olaydım”, “Bağa girdim üzümə”, “Oyna, yar” (xor üçün işləyəni Vaqif Məstanov), “Aman, nənə” (xor üçün işləyəni Qalib Məmmədov), “Basma, basma tağları” (xor üçün işləyəni İbrahim İsmayılov) və “Nə baxırsan?” (xor üçün işləyəni Nazim Məlikovdur) mahnıları konsertə əlavə rəng qatıb.