Gəncə şəhərində “Türk dünyasının Azərbaycan və Özbəkistan modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA Ədəbiyyat İnstitutu, Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin təşkil etdiyi elmi məclisdə Azərbaycan–Özbəkistan qardaşlığı və dostluğundan geniş söz açılıb. Məruzə və çıxışlarda iki qardaş ölkə arasında münasibətlərin, strateji tərəfdaşlığın Türk dünyasının siyasi-mənəvi birliyinə töhfə olduğu diqqətə çatdırılıb, ədəbi-mədəni əlaqələrin tarixinə və müasir durumuna nəzər salınıb.
Müzakirələr zamanı Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin özbək dilində çap olunması, onun ardıcıllarından olan böyük özbək şairi Əlişir Nəvainin əsərlərinin Azərbaycanda tərcümə edilərək geniş oxucu kütləsinə çatdırılması hər iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırılıb.
Elmi məclis çərçivəsində AMEA-nın Gəncə bölməsində Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzi açılıb. Burada yaradılmış Azərbaycan və Özbəkistan xalqlarının qardaşlıq əlaqələrini əks etdirən guşələrdə müxtəlif eksponatlar, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığına aid nəşrlər sərgilənir.
Konfrans iştirakçıları Gəncə şəhərinin tarixi abidələri ilə də tanış olublar.
XQ